Ərdoğanın sözünü kəsənlər zalda döyüldülər

Ərdoğanın sözünü kəsənlər zalda döyüldülər

Türkiyə prezidentinin Nyu-Yorkda çıxışında təxribata əl atan beş nəfər tutulub.  

Ərdoğan BMT-nin sessiyasına qatılmaq üçün getdiyi Nyu Yorkda müsəlman toplumu nümayəndələri və türk vətəndaşları qarşısında da çıxış edib. Bu zaman salonda olan bir neçə nəfər qışqırmağa başlayıblar. Onlar “Sən terrorçusan”, “Ölkəmdən rədd ol” kimi şüarlar səsləndiriblər.

Salonda qarşıdurma olub. Baş verən hadisə kameraların da obyektivinə düşüb. Mühafizə xidməti dərhal şüarlar səsləndirənləri salondan çıxarıb. Türkiyə mətbuatının məlumatına görə, saxlanılanlar PKK terror təşkilatının üzvləri olublar.

R.T.Ərdoğan baş verən hadisədən sonra çıxışını yarımçıq saxlamayıb. “Dəyərli qardaşlarım, sizdən bir xahişim var. 3-5 özünü, sözünü bilməz, terrorçuya görə toplantımızı fəda etməyək”.

5 şəxs qısa müddətlik saxlanılıb. Nyu York polisinin məlumatında qeyd edilir ki, heç kim həbs edilməyib və heç kim xəsarət almayıb.

Qeyd edək ki, bu Türkiyə prezidentinin ABŞ-a səfəri baş verən ilk insident deyil. May ayında Vaşinqtondakı Türkiyə səfirliyinin qarşısında prezidentin mühafizəçiləri ilə etiraz aksiyası iştirakçıları arasında da toqquşma olmuşdu. Prezident özü də bu hadisə zamanı ərazidə olub. Baş verən hadisədən sonra Dövlət Departamenti Ankaraya etirazını bildirib. Türkiyə tərəfi isə öz ünvanına olan ittihamları rədd edib və insidentin ABŞ rəhbərliyinin zamanında lazimi təhlükəsizlik tədbirləri görmədiyi üçün olduğunu qeyd edib.