Ərdoğanın qarşısını almaq üçün Duqinanın qətli…

Ərdoğanın qarşısını almaq üçün Duqinanın qətli…

Duqinin qızının qətlinin arxasında kim(lər)in dayanması haqda müxtəlif versiyaların irəli sürülməsi davam edir.

Bu cür qaranlıq sui-qəsdlərdə müəyyən ehtimallar çıxara bilməyin yollarından biri nəticəyə baxmaqdır: FTX-nın dərhal tapdığı “Ukrayna izi” bu baxımdan çox şeyi deyir:

– Belə qətl “gözdağı” və ya “əzələ nümayişi” üçün olsa belə, Kiyevə sərf etmir, yaxud fikirləri ilə Ukraynanın işğalına əsas yaratdığı irəli sürülən Duqinin “aradan götürülməsi” (qızının öldürüməsi) ilə işğalın dayandırılmayacağı da bəllidir: Ukrayna işğala məruz qalan ölkədən terrora əl atan ölkəyə çevrilə bilər;

– Belə qətl Rusiyaya sərf edir: Ukraynada “əslində faşistlərə qarşı döyüşür” rəyini rus ictimaiyyətində gücləndirir; davam edən müharibəyə daxili dəstəyi artırır və mümkün qədər dünyaya Ukrayna hakimiyyətinin “banderaçı”lar olduğunu ispatlamağa çalışır; Papa da daxil olmaqla, dünyadan gələn açıqlamalar Moskvaya ən azı “həm də hücuma məruz qalan tərəf” obrazı yaratmağa imkan verir.

Duqinin qızının ölümü haqqında “faşist Ukrayna rejiminin həyata keçirdiyi terror aktı” deyə bəhs etməsi və rus ictimai rəyində “qisas” ehtiraslarının alovlanması da sui-qəsddən qazanan tərəfin kim olduğunu bəlli edir. Və istisna deyil ki, Rusiya Ukraynada yeni zərbələrini bu qətllə əsaslandıra bilər.

Hərçənd, Moskvanın bu sui-qəsddən öz maraqları üçün istifadə etməsi belə qətlin qaranlıq tərəflərini tam anlamağa imkan vermir.

Əsas diqqət çəkən məqam qətlin zamanıdır: Türkiyə “taxıl dəhlizi” razılaşmasına nail oldu, ardınca Ərdoğan Soçidə Putinlə, Lvovda Zelenski ilə görüşdü; Ankara Moskva-Kiyev danışıqlarını yenidən təşkil etməyə çalışır.

Türkiyənin ilk cəhdi – rusların Kiyev ətraflndan geri çəkilməsi də daxil olmaqla, böyük ölçüdə irəliyə doğru addım atıldığı İstanbul razılaşmaları Buça qətliamının ortaya çıxması ilə pozuldu (dünya da artıq Buçadan bəhs etmir).

Duqinanın qətli Türkiyənin ikinci cəhdinin qarşısını alacaqmı? “Ukrayna izi” və Rusiyanın sərgilədiyi mövqe göstərir ki, Ankaranın səylərinin nəticə verəcəyi çətin olacaq. Bu kontekstdə Ukraynada müharibənin bitməsini istəməyənlərin (bu təkcə Rusiyada deyil) qətldə maraqlı tərəf olduğu fikri önə çıxır.

Və qətlin arxasındakı gerçəklərin də nə vaxtsa açılacağı müəmmalıdır, xüsusilə tabutda uzadılan cəsədin görüntülərinin şübhələri bir qədər də artırması fonunda…

Teqlər: