Ərdoğanın Misir səfəri: Yaxın Şərqin iki gücü birləşir

Ərdoğanın Misir səfəri: Yaxın Şərqin iki gücü birləşir

Rəcəb Tayyib Ərdoğanın Misir səfəri 11 illik fasilədən sonra həyata keçdi. Dolayısı ilə problemlər tamamilə həll olunmasa belə, ikitərəfli münasibətlərdə yeni səhifə açılır. Son 2-3 ildir ki, Türkiyə bir sıra ölkələr ilə münasibətlərin normallaşdırılması mərhələsinə keçib. Lakin Misirin uzaq durması səbəbilə münasibətlərdə soyuqluq qalmağa davam edirdi. Cənab Ərdoğanın səfəri ilə Qahirə ilə normallaşma mərhələsi başa çatdırıldı. Sisinin də Türkiyəyə yaxın vaxtlarda edəcəyi səfər münasibətləri daha da dərinləşdirəcək.

Bu sözləri AzerTimes-a Rəcəb Tayyib Ərdoğanın Misirə rəsmi səfərinin əhəmiyyəti haqqında danışan Türkiyə Yaxın Şərq Strateji Araşdırmalar Mərkəzinin (ORSAM) mütəxəssisi Mehmet Raqiboğlu deyib.

Raqiboğlu Türkiyə və Misir yaxınlaşmasının əsas səbəblərindən bəhs edib:

“Ankara və Qahirənin yaxınlaşmasını labüd edən bir çox faktor var. Lakin burada üç əsas amil diqqəti daha çox cəlb edir. Bunlardan birincisi Qəzza məsələsidir. Həm Türkiyə, həm də Misir Qəzza məsələsində birbaşa tərəfdirlər. Çünki HƏMAS özünün atəşkəs planında Türkiyə, Misir, Qətər və Rusiyanın qarant dövlət olmasını istəyir. Normallaşma prosesi Türkiyə ilə Misirin Qəzza məsələsində eyni anda və koordinasiyalı şəkildə hərəkət etməsinə imkan verəcək. Əlbəttə, burada risklər də var. Çünki İsrail hazırda Misirə Rəfah qapısının açılması üçün təzyiq göstərir. İndi orada 1948-ci ildəki “Nakba hadisələri”nə ( 14 may 1948-ci ildə İsrail dövləti elan olunub. Fələstinlilər isə 15 mayı böyük fəlakət mənası verən “ən-Nakba” günü adlandırıblar –red.) bənzəyən proses gedir. Bunun qarşısının alınması üçün Ankara-Qahirə əməkdaşlığı çox vacibdir. İkincisi Aralıq dənizi məsələsidir. Bildiyimiz kimi, ABŞ-ın rəhbərliyi ilə Aralıq dənizi bölgəsində ölkəmizi orada sıxışdırmaq üçün Şərqi Aralıq dənizi qaz kəməri (EastMed) layihəsi irəli sürüldü. Bu layihəyə görə, BƏƏ, Yunanıstan, Misir, Səudiyyə Ərəbistanı və İsrail ölkəmizin qarşısında idi. Türkiyə qətiyyətli hərəkət etdi və Liviya ilə “Dəniz yurisdiksiyası müqaviləsi” imzaladı. Bu müqavilə qurulan oyunu alt-üst etdi. Belə ki, Misirlə Səudiyyə Ərəbistanı, eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər pozuldu. Yəni ölkəmizin qarşısında olanlar Türkiyənin Şərqi Aralıq dənizində əvəzedilməz aktor olduğunu anladı. BƏƏ ilə Səudiyyə Ərəbistanı ölkəmizlə münasibətləri normallaşdırmağa başladığı üçün Misir də kənarda qalmaq istəmədi. Türkiyə ABŞ ilə də münasibətləri normallaşdırmağa başlayıb. Ən son F-16 satışı və modifikasiyası ilə bağlı qanun layihəsinin təsdiq olunmasının qarşısındakı maneə də ortadan qalxdı”.

Onun sözlərinə görə, üçüncü məsələ iqtisadiyyatla bağlıdır:

“Türkiyənin iqtisadiyyatı ötən ilin iyun ayından etibarən əvvəlki gücünü yenidən qazanmağa başlayıb. Belə ki, son 7 ayda Mərkəzi Banka 50 milyard dollardan çox vəsait daxil olub. Yəni investisiya qoyuluşu artır. Misirdə isə iqtisadi vəziyyət qat-qat pisdir. Hazırda orada qara bazarda 1 dollar 80-90 Misir funtuna satılır. Ölkənin sərmayə qoyuluşuna çox böyük ehtiyacı var. İlk mərhələdə Türkiyənin Misirə 1 milyard dollar sərmayə qoyması planlaşdırılır. Misir üçün Türkiyə Avropa bazarına çıxmaq baxımından, Türkiyə üçün isə Misir Afrikaya çıxmaq baxımından önəmlidir. Qırmızı dəniz məsələsində də Ankara və Qahirə eyni xətti izləyir və Yəməndə legitim hökuməti dəstəkləyir. Fikrimcə, bu səfər Yəmən məsələsində də ortaq addımların atılmasına gətirib çıxaracaq”.

Teqlər: