Cənab Ərdoğanın G20 Zirvə Toplantısından dönərkən verdiyi mesajlara Bəşər Əsədin mətbuat konfransında müsbət reaksiyası çox önəmlidir.
Bu sözləri AzerTimes-a Bəşər Əsədin Türkiyə ilə münasibətlər haqqında səsləndirdiyi fikirləri şərh edən terror və təhlükəsizlik üzrə türkiyəli ekspert Abdullah Ağar deyib.
Ağar ilk dəfə dövlət başçıları səviyyəsində belə mesajların verildiyini vurğulayıb:
“İlk dəfədir ki, iş kəşfiyyat orqanları səviyyəsindən siyasi müstəviyə keçir. Böyük ehtimalla prosesin içində Rusiya da var. Vəziyyətin belə inkişafı münasibətlərdə meydana gələn kilidlənmənin açılması ilə bağlı ümidləri artırır. Problemlərin hamısı həll edilibmi? Əlbəttə ki, yox. Ölkədə vətəndaş müharibəsinin başlanmasına səbəb olan böyük problemlər var. Lakin problemlərin həlli ilə bağlı iki tərəfdə də dövlət iradəsinin eyni vaxtda özünü göstərməsi xüsusilə önəmlidir. Suriyada ikitərəfli yox, çoxtərəfli maraqlar var və tərəflərin hər birinin proseslərə müdaxilə imkanları mövcuddur. Bölgədə marağı olan ABŞ, İran və digər ölkələrin sərgiləyəcəyi mövqenin nə olacağını isə zaman göstərəcək”.