Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin Ankaranın Əsri qəbiristanlığındakı məzarına baş çəkib.
AzerTimes xəbər verir ki, bu barədə Yalçın Topçu özü məlumat verib.
“Müsəlman şərqinin ilk demokratik respublikası kimi qəbul edilən və 1918-ci il mayın 28-də qurulan Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” kəlamı başda Can Azərbaycan olmaqla bütün türk soylular üçün istiqlal hədəfinin şüarı oldu.
BMT qətnamələrinə baxmayaraq, 30 ildən çox işğalda qalan Qarabağı azad edən Cənab Prezident və Vətən müharibəsinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin liderliyi ilə bu gün Can Azərbaycan müasir, güclü, hörmətli və müstəqil bir dövlət olub, regionda və dünyada sabitliyin, rifah və sülhün ünvanıdır.
Can Azərbaycanın yetişdirdiyi Türk dünyasının böyük övladı, atamız Rəsulzadənin Ankaradakı Əsri qəbiristanlığındakı məzarını abadlaşdıran Can Azərbaycanımızın Türkiyədəki səfiri Rəşad Məmmədova təşəkkür edirəm, Azərbaycanın müstəqilliyi uğrunda həyatlarını həsr etmiş böyüklərimizi və şəhidlərimizi rəhmətlə yad edirəm”, – Topçu bildirib.
Qeyd edək ki, ötən ay Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərinin Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması istiqamətində kompleks işlər görülmüşdü.