Tariximizin ən mühüm seçkisi olan 14 maydan Allahın izni ilə yenə qələbə ilə çıxacağıq.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi Tvitter hesabında yazıb.
Prezident bu seçkilərdə həmçinin, 85 milyonluq xalqın hər bir üzvünün qalib gələcəyini qeyd edib:
“81 vilayətimizin hamısı qalib gələcək. Türklər, kürdlər, ərəblər, sünnilər, ələvilər ilə birlikdə cəmiyyətimizin bütün təbəqələri və Türkiyənin bütün rəngləri qalib gələcək.
Bununla yanaşı, xristianlar, yəhudilər və aysorlar də daxil olmaqla, müxtəlif dinlərə mənsub olan bütün vətəndaşlarımız qalib gələcək.
AKP və Cümhur İttifaqı qədər CHP, İYİ Partiya, Səadət Partiyası və digər partiyalara könül vermiş vətəndaşlarımız da qalib gələcək.
Millətimizlə birlikdə “Daha ədalətli dünya mümkündür” çağırışımıza qulaq asan Asiya və Afrikadakı yüz milyonlarla insan qalib gələcək.
Ay-ulduzlu qırmızı bayrağımızı görəndə rahatlıq tapan, özünü təhlükəsiz hiss edən soydaşlarımız qalib gələcək.
Ölkəmizdə və bütün dünyada Türkiyənin uğuru üçün dua edənlər qazanacaq.
Yəni etnik mənşəyindən, məzhəbindən, dünyagörüşündən asılı olmayaraq, bütün Türkiyə qalib gələcək. 14 may inşallah hamımızın bayramı, qürur günü, türk demokratiyasının bayramı olacaq. Bu səbəbdən heç kim bədbin olmamalı, heç kim özünü kənarda hiss etməməlidir. Heç kim ölkəmizin parlaq və firavan gələcəyinə inamını heç vaxt itirməməlidir. Bu torpaqda birliyimizin, həmrəyliyimizin, min illik qardaşlığımızın qayğısına qalaq. Söhbətimizi gücləndirək, inciklikləri aradan qaldıraq və daha bir qəlbdə yer alaq. Allahın izni ilə davamı olacaq. Allah qardaşlığımızı daimi etsin”.