Ərdoğandan dərhal sonra Şərifin Bakıya gəlməsi…

Ərdoğandan dərhal sonra Şərifin Bakıya gəlməsi…

Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana 15 iyunda baş tutan səfəri çox anlamlı və rəmzidir. İki il öncə, məhz 15 iyunda qardaş Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarı ilə bərabər Şuşadaydı və bu şəhərin adı ilə bağlı olan tarixi Bəyannaməni imzalayıb, günün anlamına anlam qatmışdı.

Pak qardaşımız Pakistanın Baş nazirinin bu səfəri də qardaşlıq dünyamızdakı ahəngi, nizamı və simmetriyanı göstərir. Bəlli olduğu kimi, əvəzsiz qardaşımız Türkiyənin yenidən seçilmiş dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Baş nazir Məhəmməd Şahbaz Şərifdən 2 gün öncə Azərbaycandaydı. Ərdoğan 12 iyunda Kıprısdan Bakıya gəlmiş, iyunun 13-də rəsmi qarşılanma mərasimi olmuş, dövlət başçımızla təkbətək və geniş tərkibdə görüşmüşdü.

Hər iki vəfalı qardaş ölkənin lideri Azərbaycan lideri ilə birgə dosta da, dost ola bilməyənlərə də Bakıdan önəmli ismarışlarda bulunmuş oldu. Şəriflə Əliyev bu ayın 3-də Ankarada Ərdoğanın andiçmə mərasimində iştirak etmişdi. Azərbaycan, Türkiyə, Pakistan – bu üç dövlətin dərin işbirliyi həm ikitərəfli, həm üçtərəfli formatda davam və inkişafdadır.

Fikir verin: Türkiyə Cümhurbaşqanı ilə Pakistan Baş nazirinin səfərləri arasında Laçına ikinci köç baş tutdu. (Laçın kilid şəhər, kilid bölgənin adıdır. Düşmən Laçını tərk etməyi özünə yaraşdırmır, hətta yaxına belə qoymurdu… – Elə hey, “5+2 formatı”, “status” deyib durmuşdular)…

Bəli, Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycana əsl qardaşlıq diqqət-qayğısı (davamlı mənəvi, siyasi, diplomatik və informasiya dəstəyi) ilə seçilmiş, birgə hərbi təlimlər keçirdiyimiz qardaş ölkələrin liderlərinin ardıcıl səfərləri özü bir birlik ismarışıdır. Anlayan anlar, anlamayan heç anlamasın dursun. Konkret olsaq, dünya erməniliyi, ədalətdən uzaq, erməniliyə yaxın bəzi dövlətlər və beynəlxalq qurumlar gərək, nəhayət qanacaq, urvat göstərsin. Bizim tarixi torpaqlarımızın 29,7 min kv.km.-də bərqərar olmuş, hələlik “Ermənistan” adlanan (baştutmamış) dövlət gərək havadarlarının qazına gəlməsin və gerçəklikləri idrak etsin.

Qabaqlar biz dünyanın dörd tərəfinə Azərbaycan həqiqətlərini yaymaqçün xüsusi səy göstərirdik. İndi Azərbaycanın Dəmir Yumruq gücünə yaratmış olduğu gerçəkliklər önplandadır. Həqiqət həqiqətdir – o həmişə gərəklidir və Günəş şüası kimi üstü torpaqlana bilməz. Həqiqət altun kimidir – hətta torpaq altda qalsa belə, paslanmaz. Bizim qardaşlığımız da, vəfamız da həqiqətin özüdür. Bizim kimi vəfalı, xeyirxah, güvənli, səmimi, ədalətli qonşunu hər kəs diləməliykən, düşmən bizimlə qonşuluğun dəyərini qanmır. Düşmən bizim müharibə apararkən göstərdiyimiz ləyaqətin dəyərini anlamır.

Təsəvvür edin: şəhərləri, qəsəbə və kəndləri viran edilmiş, Xocalı soyqırımına, Ağdaban, Qaradağlı, Malıbəyli, Bağanis-Ayrım soyqırım aktlarına məruz qalmış, minlərlə vətəndaşı itkin düşmüş, əsir, girov alınmış, ömürlük şikəst edilmiş ölkənin hərbçiləri mülki ermənilərə atəş açmadan, mülki infrastrukturu hədəf almadan müharibə aparıb və qalib gəlib! Bu, xarakter, ərdəm, nəcabət məsələsidir; köksüz, mədəniyyətdən yoxsun tayfa nə anlar bu əyardan, dərəcədən?..

İnanılacaq kimi deyil: həm bizim torpaqda (dışgüclər sayəsində) bərqərar ol, həm bizim daha yeni torpaqlarımızı (havadarların hesabına) işğal edib, viran qoy, həm də bizimlə qonşuluğun (yaxud birgə yaşayışın) mümkünsüzlüyünü aləmə car çək.!? – Monoetnikin biri monoetnik!

Bax, biz belə bir zehniyyətsizliklə üz-üzə qaldığımızçün dostlarımız-qardaşlarımızla daha sıx birlik içində olmağa davam etməliyik.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri ölkələrimiz arasında strateji müttəfiqlik, dostluq və qardaşlıq bağlarının növbəti parlaq təcallasıdır.

Bundan bir cümlə öncə zehniyyətsizlikdən danışarkən, söhbət əslində, ermənilərdən daha çox, onları maşa kimi qullananların çarpaz birliyindən gedir. Çarpaz birlik – yəni ayrı coğrafiyalarda, başqa mövzularda toqquşan güclər bizə münasibətdə, bizim əleyhimizdə həmən birləşə bilir. ATƏT-in andıra qalmış Minsk qrupunun həmsədrləri uzun illər necə anti-sülh fəaliyyətində bulunmuş, bizi (işğala mərzu qalanı) ermənilərlə (işğalçılarla) həncəri bir tutmuşdu – bu da bəlli tarixcədir…

Beləliklə, əlamətdar günlərdə qardaşlarımızın səfərləri – liderlərin bu il ayrı bir ardıcıllıqla səfərləri və möhtəşəm ismarışları fonunda sərhədboyu atəşkəs pozuntularının intensivləşməsi ermənilərin başıpozuqluğunu göstərir. Adama deyərlər nə gününə atəş açırsan? – Ancaq bu sualı adama verərlər, üçonillik vandallıq təcrübəsindən sonra başına dəyən Dəmir Yumruqdan, iti qovan kimi qovulmaqdan, hələ bir də 44 günə 11 min fərari “ürətməsi”ndən dərs çıxarmamış tayfaya nə deyəsən?

Belə bir tayfanın – qullanma müddəti (beynəlxalq çapda) bitməyə doğru gedən ermənilərin üzərindən qırmızı-çizgi-mizgi oyunu oynayan vİran sağına-soluna – Pakistana, Türkiyəyə baxıb utansın da utansın!

Özünü “İslam dünyasının maraqlarının müdafiəçisi” kimi təqdim edən, əslində isə Ermənistanın Azərbaycana qarşı 30 il davam edən işğalçılıq siyasətinə hərtərəfli dəstək verən, İslam dini ibadətgahlarına qarşı vandallığa ortaq olan vİran, davranışları ilə özünü tam ifşa edib. Fars-Molla rejimi İslamdan yalnız öz maraqlarını inkişaf etdirməkçün bir vasitə kimi istifadə etmə yolunda (yolsuzluğunda!) olduğunu addımbaşı göstərib…

Dövlətimiz zaval görməsin!

Teqlər: