Ərdoğan və Əliyev Bakıda 5 istiqaməti müəyyən etdi

Ərdoğan və Əliyev Bakıda 5 istiqaməti müəyyən etdi

Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğanın azərbaycanlı həmkarı İlham Əliyevlə Bakıda verdikləri mesajları necə oxumaq lazımdır?

AzerTimes xəbər verir ki, bu suala politoloq Elxan Şahinoğlu aşağıdakı kimi cavab verib:

Birincisi, Şuşada Türkiyənin konsulluğunun açılmasını sürətləndirmək lazımdır. Bu bənd Şuşa Bəyannaməsində də mövcuddur. Şuşada tikinti işləri gedir. Konsulluq binasının tikintisinin sürətləndirilməsinə ehtiyac var. Türkiyənin Şuşada konsulluq xidmətinin açılmasının Azərbaycan üçün strateji əməhiyyəti var. Bununla Azərbaycanın düşmənləri Türkiyənin Qarabağda varlığıyla üzləşəcəklər.

İkincisi, Türkiyə-Azərbaycan birgə universitetinin fəaliyyətə başlamasını da sürətləndirməyə ehtiyac duyulur. Fransanın Ermənistanla sıx münasibətlərinə baxmayaraq, Bakıda Azərbaycan-Fransa Universiteti fəaliyyət göstərirsə, qardaş və müttəfiq dövlətin də universiteti fəaliyyət göstərməlidir.

Üçüncüsü, Türkiyə prezidenti Zəngəzur dəhlizinin açılmasının bölgə ölkələri üçün vacib olduğunu bildirib. Azərbaycan da bu dəhlizin tezliklə işə düşməsini istəyir. Ancaq Ermənistan hakimiyyəti prosesi ləngidir. İran da Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil.

Dördüncüsü, liderlərin açıqlamalarında iki ölkənin birgə hərbi texnika istehsalının əhəmiyyəti vurğulanıb. Azərbaycan həm Türkiyədən hərbi texnika alır, həm də birgə hərbi texnika istehsalını sürətləndirmək istəyir. Azərbaycanda Türkiyənin “Bayraqdar” şirkəti ilə birgə pilotsuz uçuş aparatları istehsal olunacaq. Azərbaycan “Bayraqdar” şirkərinin pilotsuz təyyarələrinə (“Qızıl alma”) də maraq göstərir. Bu hərbi əlaqələrdə yeni mərhələ olacaq. Azərbaycanla Türkiyə arasında 2023-cü ildə 16 birgə hərbi təlimin keçirilməsini yeni rekord saymaq olar. Bunlardan 6-sı artıq keçirilib. Prezidenti İlham Əliyev bir daha xatırladıb ki, Azərbaycan Ordusu Türkiyə ordusunun kiçik modelinə çevrilməlidir. Bu proses sürətlənib. Türkiyə təcrübəsindən istifadə edilərək Azərbaycan Ordusunda “komandolar” yaradılıb. Qarabağ dağlıq bölgə olduğundan komandoların çox olması Azərbaycan üçün vacibdir.

Beşincisi, İlham Əliyev Türkiyə-Azərbaycan birliyinin türk dünyası üçün əhəmiyyətinə də toxunub. “Əminəm ki, gələcək illərdə bu birlik daha da güclənəcək və bizi yeni uğurlar, yeni qələbələr gözləyir” – deyən İlham Əliyev türk ölkələri arasında inteqrasiyanın gücləndirilməsini istəyir. Bu, Türkiyənin də maraqlarına cavab verir. Türkiyə-Azərbaycan müttəfiqliyi və ittifaqı türk dünyasının nüvəsini təşkil edir, inteqrasiya gücləndikcə nüvənin digər türk dövlətləri üçün cazibəsi artacaq.

Teqlər: