Dekabrın əvvəlində Türkiyə-Azərbaycan-Türkmənistan sammitinin keçirilməsi planlaşdırılır. Sammitin keçirilmə yeri kimi Türkmənbaşı şəhərindəki “Avaza” milli turizm zonası seçilib. İki prezident – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Türkmənistana gələcəklər, buna görə hazırlıqlar fəal şəkildə aparılır. Bu, əlamətdar sammit olacaq, belə ki, bu formatda ilk üçtərəfli görüş 2015-ci ildə baş tutub və müxtəlif səbəblərdən daha sonra təxirə salınıb.
AzerTimes xəbər verir ki, bu barədə rusiyalı analitik Mariya Utkina qeyd edib.
“Ərdoğanın Azərbaycan və Türkmənistan liderləri ilə müzakirə etmək niyyətində olduğu ən aktual məsələlərdən biri də Türkiyədə böyük qaz qovşağının yaradılmasıdır. Onun vasitəsilə Rusiya Qara dəniz regionuna və Türkiyəyə qaz tranzitini artıra bilər. Bu təşəbbüs oktyabrda Rusiya Prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. İlin sonunadək tərəflər “yol xəritəsi” barədə qərar qəbul etmək niyyətindədirlər, layihə üzrə işlərin başlanması gələn ilin əvvəlinə planlaşdırılır. Ötən gün Ankarada Ərdoğan və Türkmənistan Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov qarşıdan gələn sammitə hazırlığı müzakirə ediblər. Amma görüş mətbuata qapalı olduğundan təfərrüat azdır. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu türkmən həmkarı ilə danışıqlardan sonra gələn ilin əvvəlində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Türkiyəyə səfər edəcəyini açıqlayıb. Dünən Çavuşoğlu ilə Meredov arasında daha bir telefon danışığı baş tutub və söhbət zamanı Azərbaycan, Türkiyə və Türkmənistan sammitinə hazırlıq yenidən müzakirə olunub. Ötən gün Çavuşoğlu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da telefonla yaxınlaşan sammiti müzakirə edib. Yüksək səviyyəli görüşə hazırlıq çərçivəsində ölkələrin xarici işlər, nəqliyyat və energetika nazirlərinin görüşləri də keçirilir, görüş zamanı imzalanması planlaşdırılan sənədlər üzərində iş aparılır. Dünən məlum olub ki, Bayramov dekabrın 5-də Moskvaya işgüzar səfərə gedəcək və orada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Türkmənistanın XİN rəhbəri Rəşid Meredov da iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası Rusiya-Türkmən komissiyasının iclasında iştirak etmək, Lavrovla danışıqlar aparmaq üçün dekabrın 6-da Moskvaya gələcək. Xarici işlər nazirləri arasında açıqlanan danışıqların gündəliyinə regional məsələlərin baxılması daxil olduğundan, çox güman ki, Azərbaycan, Türkmənistan və Türkiyə liderlərinin sammiti də üç ölkənin hər birinin Rusiya ilə əməkdaşlığı kontekstində müzakirə olunacaq”, – analitik bildirib.
Analitikin sözlərinə görə, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının idarə heyətinin büro üzvü Vahid Ələkbərov Rusiya neft-qaz şirkətləri Azərbaycan və Türkmənistanda dost ölkələr kimi inkişaf etmək imkanı əldə edə bilərlər:
“Rusiyanın “Lukoil” şirkəti Xəzər dənizində “Dostluğ”un (Azərbaycan-Türkmənistan birgə qaz layihəsi) operatoru olmaqda maraqlı olduğunu bildirib. Bu məlumatı Azərbaycanın energetika naziri Pərviz Şahbazov təsdiqləyib. Bütün tərəflər bu cür əməkdaşlıqdan faydalanacaqlar, çünki “Lukoil”un artıq Xəzər dənizinin şelfinin işlənməsi təcrübəsi və lazımi infrastruktur var. 2021-ci ildə “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının kəşfiyyatı və işlənməsi məsələsində Azərbaycan və Türkmənistan arasında yaranmış fikir ayrılıqları aradan qaldırıldıqdan sonra “Lukoil”un layihəyə qayıtması məntiqli görünür”.