Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin dövlət başçılarının 15-ci sammitində iştirak etmək üçün bu gün Türkmənistana səfərə yollanacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən bilbidiriblər.
Məlumata əsasən, T.Ərdoğanın ikigünlük səfəri Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə baş tutacaq.
Səfər çərçivəsində Türkiyə və Türkmənistan liderləri iki ölkə arasında münasibətləri nəzərdən keçirəcəklər və ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarını müzakirə edəcəklər. Tərəflər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Noyabrı 28-i Türkiyə Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək.
Sammit iştirakçıları təşkilatın səmərəliliyinin artırılması, üzv ölkələr arasında ticarət və nəqliyyat şəbəkələrinin genişləndirilməsi, həmçinin COVID-19 pandemiyası ilə mübarizə şəraitində İƏT çərçivəsində koordinasiya və əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparacaqlar.
Türkiyə dövlət başçısı sammit çərçivəsində bir sıra ölkələrin liderləri ilə ikitərəfli görüşlər də keçirəcək.
Sammitdə təşkilata sədrlik Türkiyədən Türkmənistana keçəcək.