Ərdoğan Stoltenberqə Stokholm və Helsinkinin müraciətlərini dəstəkləmək üçün şərtini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və NATO-nun baş katibi
Yens Stoltenberq arasında telefon danışığı olub.

Trend xəbər verir ki, telefon danışığı zamanı tərəflər İsveç və
Finlandiyanın NATO-ya üzvlük üçün müraciətlərini müzakirə
ediblər.

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə NATO-nun “açıq qapı”
siyasətini səmimi şəkildə dəstəkləyir və Ankaranın iki Skandinaviya
ölkəsinin namizədliyinə münasibəti sırf bu dövlətlərin Türkiyə üçün
mühüm milli təhlükəsizlik məsələlərində tutduğu mövqe ilə
bağlıdır.

Türkiyə lideri bildirib ki, bu ölkələr fundamental məsələlərdə,
xüsusilə də terrorla mübarizədə Türkiyə ilə açıq həmrəylik nümayiş
etdirməyincə, Ankara İsveç və Finlandiyanın NATO-ya müraciətlərini
müsbət qarşılamayacaq.

NATO-nun baş katibi Türkiyə lideri ilə söhbətində Türkiyənin
təhlükəsizliklə bağlı narahatlığının aradan qaldırılmasının vacib
olduğunu qeyd edib.