Ərdoğan Rusiya və Ukrayna XİN rəhbərlərinin görüşünün Ukraynada atəşkəsə yol açacağına ümid edir

Xəbər - Orxan Nəbiyev – Trend:

Rusiya və Ukrayna xarici işlər nazirlərinin Türkiyədəki
görüşünün Ukraynada atəşkəs rejiminə yol açacağına ümid edirəm.

Trend-in
məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
deyib.

O bildirib ki, həm Ukrayna, həm də Rusiya Qara dəniz vasitəsilə
Türkiyənin qonşu ölkələridir.

“Hər iki qonşumuz arasında məsələnin silahlı münaqişəyə
çevrilməsi bizi dərindən kədərləndirir. Ümid edirəm ki, nazirlər
arasında keçirilməsi planlaşdırılan görüş ölkələr arasında
dayanıqlı atəşkəsə yol açacaq. Bu kritik görüş ərəfəsində
sakinlərin təxliyəsi üçün elan olunan müvəqqəti atəşkəsi də
alqışlayırıq”, – deyə o bildirib.

Qeyd edək ki, martın 10-da Antalyada Demokratiya forumu
çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun
ukraynalı həmkarı Dmitro Kuleba ilə görüşü nəzərdə tutulub.