Həyəcan və gərginlik bitdi: Rəcəb Tayyib Ərdoğan ikinci turda 52%-dən çox səslə qalib gəldi.
Bu sözləri AzerTimes-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal Türkiyədə bu gün keçirilən prezident seçkilərinin ikinci turunun yekunları haqda deyib.
O bildirib ki, azərbaycanlıların böyük əksəriyyəti Ərdoğanın bu qələbəsinə sevinir və hazırda Bakı küçələrində, Gəncədə və ölkənin müxtəlif şəhərlərində bu qələbəni qeyd edir:
“Yanılmıramsa, ilk dəfədir ki, azərbaycanlılar qonşu ölkədə keçirilən seçki prosesini bu qədər maraq və narahatlıqla izləyir. Türkiyə vətəndaşı deyilik, o ölkədə keçirilən seçkilərdə səs vermək, seçmək hüququmuz yoxdur. Amma sanki taleyimiz bu seçkinin nəticələrindən asılıymış kimi nəbzimiz son aylarda və günlərdə məhz Türkiyə ilə döyündü. Niyə Azərbaycanda böyük çoxluq məhz cənab Ərdoğanın prezident seçilməsini arzu edirdi? Çünki Rəcəb Tayyib Ərdoğan təkcə Türkiyənin deyil, bütün türk dünyasının lideri, ağsaqqalı olduğunu dəfələrlə sübut edib. Böyük türk coğrafiyasında elə bir proses, hadisə yoxdur ki, Türkiyə orada birbaşa və dolayısı ilə iştirak etməsin. Məhz onun rəhbərliyi altında Türkiyə yalnız regional deyil, qlobal gücə çevrilib. Türkiyə hazırda görmək istədiyimiz yerdə və mərtəbədədir. Diktə olunan deyil, diktə edən, prosesi istiqamətləndirən və istiqamətləri müəyyən edəndir. Və bu gücün şəksiz lideri Ərdoğandır.
Azərbaycanlılara, yəni bizə onu doğmalaşdıran amilsə şübhəsiz Qarabağdır! Sayın Ərdoğan Qarabağ zəfərinin qazanılmasında Azərbaycana miqyasagəlməz mənəvi və siyasi dəstək verən bir dövlət başçısıdır. Son yüz ildə Türkiyə heç vaxt indiki qədər Azərbaycanla doğmalaşmayıb, qardaşlaşmayıb. Məncə, dünyada ikinci belə nümunə yoxdur. Ərdoğan 30 illik işğala son qoymaq üçün səfərbər olan Azərbaycana arxa-dayaq oldu, arzularımızın reallaşdığı o ağır və şərəfli günlərdə Ərdoğanı Azərbaycan xalqının yanında gördük, o, İlham Əliyevə “qardaşım” dedi, haqq savaşımızda sözün əsl mənasında, qardaşlıq və tərəfdaşlıq sərgilədi. Biz Ərdoğanı həm də Qarabağ qələbəmizə görə sevir və dəstəkləyirik. Bunu anlamaq üçün torpaqları işğal altında inləyən azərbaycanlıların 30 illik əzab və iztirablarını bir anlıq da olsa, hiss etmək, yaşamaq lazımdır.
Əlbəttə, qazanan, bir daha qeyd edirik ki, yalnız Türkiyə deyil, bütün türk dünyası və bu coğrafiyanın əsas aktorlarından biri olan Azərbaycandır. Azərbaycanı təkləmək, meydanda tək qoymaq istəyən ermənilər və onların havadarlarının hazırkı qüssəsi anlaşılandır. Ermənilər məyusdur, bu, media və sosial şəbəkələrdəki reaksiyalarından aydın görünür”.
A.Camal xatırladıb ki, Prezident İlham Əliyev Ərdoğanı ilk təbrik edən lider oldu:
“Nəticələr rəsmi açıqlanmadan İlham Əliyev Ərdoğana zəng etdi və bunu Ərdoğan ilk qələbə çıxışında da xüsusi vurğuladı. Əliyev Ərdoğanı Azərbaycana səfərə dəvət etdi. Qarşıda bizi çox maraqlı proseslər gözləyir. Həqiqətən “Türk əsri” yenidən start götürür və tarixə baxın – 28 mayda. 105 il öncə məhz bu gün Şərqdə və türk dünyasında ilk demokratik cümhuriyyət elan edilmişdi, 105 il sonra, məhz mayın 28-də növbəti dəfə tarix yazıldı”.