Ərdoğan Özəllə gələcək qurur: İmamoğlu qısqanır

Ərdoğan Özəllə gələcək qurur: İmamoğlu qısqanır

Yeni dövrdə yeni siyasət qurulur. Üç memar var: Prezident Ərdoğan, CHP sədri Özgür Özəl və MHP lideri Dövlət Baxçalı. Bütün bunlarla yanaşı vacib sayılan iki siyasətçi də var: Əkrəm İmamoğlu və Mənsur Yavaş.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin “Hürriyyət” qəzetinin yazarı Abdulqadir Selvi yazıb.

O bildirib ki, Özgür Özəl sələfindən fərqli olaraq, “yumşalma siyasəti” kursunu seçib:

“Amma “bal” deməklə ağız şirin olmaz. “Yumşalma siyasəti”nin əsası qoyulmalıdır. Bunun üçün müəyyən addımlar atılmalıdır. Çünki “yumşalma siyasəti”nin qarşısında duran ən mühüm maneələrdən biri etimad problemidir. Bu inamı bərqərar etmək üçün gözləntiləri qarşılayacaq bəzi addımlar atılmalıdır. Çünki CHP daxilindən Ö.Özələ “Ərdoğan sizi aldadacaq” deyə etirazlar var.

Əkrəm İmamoğlu Ərdoğan-Özgür Özəl münasibətini özünə qarşı ittifaq kimi görür. Odur ki, Ö.Özəl əlini gücləndirməlidir. Ö.Özəlsiz yeni siyasəti həyata keçirmək mümkün deyil. Ona görə də ətrafına “Mən Ərdoğanla görüşdüm, müsbət nəticələr aldım” deməyi bacarmalıdır”.

“Bunun başında “28 Şubat” məsələsində həbs edilən Çətin Doğan kimi yaşlı sabiq generalların əfv edilməsi məsələsi də dayanır. Prezident Ərdoğan heç vaxt o qapını bağlamadı. Hətta bir dəfə bu məsələ ilə bağlı cənab Ərdoğana sual verdikdə, “bağışlanmaq üçün müraciət etməyiblər” dedi. Demokratiya qisas rejimi deyil. Müxtəlif xəstəlikləri olan 80 yaşlı təqaüdçü generalların həbsxanada ölməsi Türkiyə üçün təsəlli deyil. Əksinə, gərginliyi artırır. Amma onların bağışlanması Türkiyəni rahatlaşdıracaq”, – Selvi əlavə edib.

A.Selvi vurğulayıb ki, Türkiyə siyasətində üç liderdən başqa iki güclü siyasətçi də var:

“Biri Əkrəm İmamoğlu, digəri isə Mənsur Yavaşdır. Onların hər ikisi artıq merlik həddini keçib. Onlar potensial olaraq həm partiya rəhbərliyinə, həm də prezidentliyə namizəd həddindədirlər.

Üç liderin yaratdığı siyasi ab-hava onların siyasi gələcəyini birbaşa müəyyən edəcək. Ərdoğan, Özəl və Baxçalının qurduğu siyasi tənlik qalib gəlsə, onlar uduzacaqlar. Üç liderin qurduğu siyasi tənlik uğursuz olarsa, İmamoğlu və Yavaşın ulduzları parlayacaq. Siyasət nazik bir ip üzərində gəzməyə bənzəyir. Çox kritik bir tarazlıq var. Görək kim ipdə yeriyəcək, kim yıxılacaq”.

Teqlər: