Ərdoğan NATO-nun Brüssel sammitində iştirak edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 24-də Brüsseldə
keçiriləcək NATO liderlərinin sammitində iştirak edəcək və bu
sammit çərçivəsində Rusiya-Ukrayna böhranının nizamlanması ilə
bağlı danışıqlar aparacaq.

AzerTimes-ın məlumatına görə, bu barədə R.T.Ərdoğan Ankarada Polşa
Prezidenti Andjey Duda ilə birgə mətbuat konfransında deyib.

“Türkiyə atəşkəsə nail olmaq üçün səylərini davam etdirəcək.
Xarici işlər nazirimiz bu gün Moskvada danışıqlar aparır. Sabah o,
Ukraynaya gedəcək”, – deyə R.T.Ərdoğan bildirib.

Onun sözlərinə görə, Polşa Prezidenti ilə danışıqlar zamanı
tərəflər “iki NATO müttəfiqi kimi” Ukraynadakı vəziyyətlə bağlı
fikir mübadiləsi aparıblar.

R.T.Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə və Polşa iki ölkə
arasında münasibətləri daha da möhkəmləndirəcək yüksək səviyyəli
Strateji Tərəfdaşlıq Şurası yaratmaq niyyətindədirlər.

Polşa Prezidenti, öz növbəsində, türkiyəli həmkarına Ukraynada
sülhün bərqərar olması üçün göstərdiyi intensiv səylərə görə
təşəkkür edib.

“Coğrafi və siyasi baxımdan çox əhəmiyyətli bir dövlət olan
Türkiyə bu bölgədə sülhün təmin olunmasında son dərəcə mühüm rol
oynayır”, – deyə A.Duda bildirib.

O əlavə edib ki, Polşa Türkiyə ilə ötən ildən başlayan müdafiə
sahəsində uğurlu əməkdaşlığı inkişaf etdirmək niyyətindədir.