Ərdoğan İsveçi terrorçuları dəstəkləməkdən imtina etməyə çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İsveçin baş naziri
Maqdalena Andersson arasında telefon danışığı olub.

Trend xəbər verir ki, telefon danışığı zamanı tərəflər
ikitərəfli münasibətləri və Stokholmun NATO-ya üzvlük üçün
müraciətini müzakirə ediblər.

Türkiyə lideri qeyd edib ki, Ankara bu günə qədər həmişə
NATO-nun “açıq qapı” siyasətini dəstəkləyib.

R.T.Ərdoağn vurğulayıb ki, NATO ideyası kollektiv təhlükəsizlik
və Alyansa üzv ölkələrin təhlükəsizliyi sahəsində həmrəyliyə
əsaslanır.

Onun sözlərinə görə, o, Stokholmun PKK/YPG/PYD terrorçuları və
onlarla əlaqəli strukturlarla təmaslar məsələsində mövqeyindən
dəfələrlə narahat olduğunu bildirib.

R.T.Ərdoğan İsveçdə Fətullah Gülənin (FETÖ) rəhbərlik etdiyi
daha bir terror təşkilatının nümayəndələrinin olmasına da diqqət
çəkib.

Bununla bağlı Türkiyə Prezidenti Stokholmu terrorçulara siyasi,
maliyyə və müdafiə dəstəyindən imtina etməyə çağırıb.

“Ankara İsveçdən PKK terrorçuları, eləcə də bu qanlı təşkilatın
Suriya və İraq qolları ilə bağlı Türkiyənin narahatlığını bölüşən
ciddi və konkret addımlar atacağını gözləyir”, – deyə Türkiyə
Prezidenti bildirib.

R.T.Ərdoğan Suriyada “Sülh çeşməsi” əməliyyatının başlamasından
sonra Stokholmun Türkiyə müdafiə sənayesinə qarşı tətbiq etdiyi
sanksiyaların ləğvinin vacibliyinə də işarə edib.

O xatırladıb ki, bu əməliyyatın keçirilməsi barədə qərar Ankara
tərəfindən ölkə sərhədləri yaxınlığında real terror təhlükəsinin
formalaşmasına cavab olaraq verilib.