Ərdoğan iqtisadi sıçrayış üçün nələr edir? – Professor

Ərdoğan iqtisadi sıçrayış üçün nələr edir? – Professor

Türkiyənin Kocaeli Universitetinin müəllimi, professor İrfan Qaya Ülgerin AzerTimes-a müsahibəsi:

– İrfan bəy, Türkiyə hazırda iqtisadi çətinliklər və yüksək inflyasiya ilə üzləşib. Sizcə bunun əsas səbəbləri nədir?

– Türkiyə hazırda “orta gəlir tələsi” deyə adlandıra biləcəyimiz problemlərlə üz-üzədir. Ölkəmiz ya Cənubi Koreya kimi sıçrayış edərək adam başına düşən gəlirin 35 min dollardan çox olduğu iqtisadi sistem formalaşdıracaq, yaxud xroniki problemlərlə yaşamağa davam edəcək. Yaşanan iqtisadi problemlərin bir sıra səbəbləri var. Bunların başında xarici faktorlar gəlir. “Ərəb baharı”ndan sonra Türkiyəyə böyük qaçqın axınının başlaması nəticəsində ölkəmiz ağır maliyyə yükünün altına girmiş oldu. İndiyə kimi dövlətimiz qaçqınlar üçün 100 milyard dollardan çox vəsait xərcləyib. Bunun sadəcə 2-3 milyard dollarlıq hissəsi BMT tərəfindən ölkəmizə ödəndi. Digər tərəfdən Türkiyə Ukrayna müharibəsinin ən çox təsir etdiyi ölkələrdəndir. Müharibənin yaratdığı problemləri üç başlıq altında toplamaq olar: Birincisi, qaçqın problemi, ikincisi enerji böhranı, qiymətlərin kəskin şəkildə yüksəlməsi, üçüncüsü isə ərzaqların bahalaşmasıdır. Neft və qazın bahalaşması Türkiyə üçün ödəmələrdə balansı pozdu.

– Sizcə, iqtisadi problemlərin hansı həll yolları var?

– Hazırda Türkiyə dövləti sözügedən problemlərin həlli üçün radikal addımlar atmağa başlayıb. Cənab Ərdoğan dünyada yaşanan iqtisadi böhranı fürsət kimi dəyərləndirərək ölkəmizi Şərq və Qərb arasında logistika mərkəzinə çevirmək üçün çalışır. Digər tərəfdən xaricdən asılılığı azaltmaq üçün müdafiə sənayesində çox ciddi addımlar atıldı. Bizim xroniki problemlərimizdən biri dolların yüksəlişi və bundan qaynaqlanan bahalıqdır. Fikrimcə, seçkidən sonra başlayan yeni dövrdə ölkə başçısı bu məsələyə xüsusi diqqət ayıracaq. Cənab Ərdoğan 2002-ci ildə ilk dəfə iqtidara gəldiyi zaman ölkəmiz onu hüquq reformları aparan islahatçı kimi tanıdı. Sonrakı dövrdə Türkiyə baş verən hadisələr fonunda daha çox islamçı dünyagörüşü ilə xarici siyasət aparmağa başladı, 15 iyul 2016-cı il çevriliş cəhdindən sonra ölkəmizdə milliyətçi siyasət əsas götürüldü. İndiki məqamda isə gəlirlərin ədalətli bölünməsi üçün sosial siyasətin prioritet olacağı görünür. Əsas məsələ bazar və birjanın dövlətə inamını artırmaqdır. Yeni kabinetdə Qərbin də etibar etdiyi Mehmet Şimşək maliyyə naziri oldu. Atılacaq addımlar ilə yaxın bir-iki il ərzində problemlərin tədricən öz həllini tapacağını düşünürəm.

– Qərblə siyasi və iqtisadi münasibətlərdən bəhs etdiniz. Yeni Nazirlər Kabineti Qərblə münasibətləri tənzimləyə biləcəkmi?

– Son 20-30 ildir ki, Türkiyənin xarici ticarət dövriyyəsinin təxminən yarısı Avropanın payına düşür. Bu trendin varlığını qoruyacağını düşünürəm. 1996-cı ildə AB ilə imzalanan Gömrük Birliyi müqaviləsi iqtisadi sahədə Qərb təcrübəsi və normativlərinin tətbiqini təmin etdi. Bir sıra aşınmalara baxmayaraq, Türkiyə yenə sərmayə qoyuluşu və digər məsələlərdə Qərbdəki qaydalar ilə idarə olunan və oranın standartı ilə istehsalla məşğul olan bir ölkədir. Bu standartlaşma ölkəmizə AB böhran yaşadığı zaman məhsulları Afrika və Yaxın Şərqə rahat satmaq imkan verir. Türkiyə bu transformasiyanı dərinləşdirmək istəsə də, beynəlxalq hadisələr buna imkan vermədi. Cənab Ərdoğan praqmatik bir siyasətçidir. Ona görə də seçkilərdən sonra beynəlxalq normaların daha güclü şəkildə tətbiqini və bunun xarici sərmayə axınına təsirini görəcəyik. Qərblə siyasi problemlər olsa da, iqtisadi münasibətlər var və digər bölgələrə açılımla bağlı böyük məsafə qət edildi. Amma beynəlxalq iqtisadi sistemindəki problemlər ölkəmizə də mənfi təsir göstərir. AB və Avropa Şurası, eyni zamanda Avropa İnsan Haqları Məhkəməsi ilə bir sıra məsələlərdə ciddi toqquşma yaşayırıq. Lakin yenə də iqtisadi münasibətlərin güclənəcəyini düşünürəm. Əvvəl AB və ABŞ Ərdoğanın seçkidə məğlub olması üçün əlindən gələni etdi, ancaq uğursuzluğa düçar oldular. Ona görə də onlar da Ərdoğanla işləməyə məcburdurlar. Qərbin Balkan yarımadasında, Cənubi Qafqaz, Ukrayna və Rusiya ilə münasibətlərdə Türkiyəyə ehtiyacı var. NATO-nun genişlənməsi məsələsində də bunu konkret şəkildə görürük.

– Türkiyə maddi sıxıntılarını həll etmək üçün Yaxın Şərq ölkələrindən özünə qaynaq tapa bilərmi?

– Bəli, bu güclü bir ehtimaldır. Körfəz ölkələrindən Qətərlə xüsusi münasibətlərimiz var. Bir neçə il öncə qonşuları Qətərdə hakimiyyət çevrilişinə cəhd etdilər, lakin Türkiyə buna imkan vermədi. Siyasi yaxınlıq bu ölkədən sərmayə axınının daha da artmasına səbəb olacaq. BƏƏ ilə 15 iyul 2016-cı il çevriliş cəhdindən sonra yaşanan problemlər həll edildi, Səudiyyə Ərəbistanı ilə Qaşıqçı cinayəti ilə yaşanan gərginlik də yumşaldı. Münasibətlərin yaxınlaşması sərmayə axını da gücləndirə bilər. Küveyti də bu sıraya daxil etmək olar. Bəhs etdiyimiz ölkələrin sərmayəsi əsasən Nyu York, İsveçrə və Londona axır. Ərdoğanın Körfəzdən sərmayə axınını təşkil etmək üçün islam bank sistemi ilə bağlı islahatlar aparacağını düşünürəm. Mərkəzi Asiya və Azərbaycan başda olmaqla Cənubi Qafqaz ölkələri ilə ticarətdə canlanma yaşanacaq. Əlaqələr şaxələndirildikcə, qarşılıqlı sərmayə qoyuluşu da artacaq. Üçüncü yol isə Rusiya ilə münasibətlərdir. Türkiyə hazırda sanksiyalara qoşulmur, Putin isə Ərdoğanla ölkəmizin Trakya bölgəsində təbii qaz mərkəzinin yaradılması ilə bağlı danışıqlar aparır. Əgər layihə baş tutsa, ölkəmizə çox böyük iqtisadi faydası olacaq.

Teqlər: