Ərdoğan ilə Putin dünyada ən çox görüşən prezidentlər arasındadır. Türkiyə Qərb blokunun üzvü olmasına baxmayaraq NATO və Rusiya arasında vasitəçiliyi uğurla davam etdirməyə çalışır. Bunu biz Ukrayna müharibəsi başlayandan bəri daha yaxşı görə bilirik.
Bu sözləri AzerTimes-a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) rəhbəri, professor Həsən Oqtay deyib.
“Son Soçi görüşü gözlənilən nəticəni verməsə də, diplomatik kanalların açıq qalması baxımından xüsusi əhəmiyyət kəsb edir. Türkiyə üçün Putinin Ankaraya səfəri daha önəmli idi. Lakin Rusiyanın və Putinin içində olduğu vəziyyətə görə Ərdoğan Rusiyaya getməli oldu. Əlbəttə, Hindistanda keçirilən G-20 toplantısı və ardınca başlayacaq BMT Baş Assambleyasının 78-ci sessiyasından əvvəl taxıl sazişi bərpa olunsaydı, bu, Türkiyə üçün daha böyük uğur ola bilərdi. Ancaq yenə bu məsələ ətrafında müzakirələr davam etdiriləcək. Çünki mütləq şəkildə ortaq bir çıxış yolu tapılmalıdır və alternativ kimi təklif olunan digər dəhlizlərin uzunmüddətli fəaliyyət şansı yoxdur. Buna da yalnız Türkiyənin öz vasitəçi rolu ilə nail olmaq mümkündür”.