Bu gün Ərdoğanın Paşinyanla telefon danışığı olacaq. Tərəflər Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasından daha çox, bölgədəki vəziyyəti müzakirə edəcək. Ərdoğan da müzakirə mövzusunun Qarabağ olacağını açıqlayıb, eyni zamanda, Ankara-İrəvan münasibətlərinin normallaşmasının Qarabağdan – Azərbaycanın tələblərinin qəbul edilməsindən keçdiyi bəllidir.
Bu kontekstdə telefon danışığının əsasən iki məsələ üzərində qurulacağı istisna deyil:
Birincisi, İrəvanın Qarabağdakı separatizmi dəstəkləməkdən imtina etməsi, Laçın yolu ilə bağlı iddialardan əl çəkməsidir: erməni hərbi birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması da aktual tələblərdən biri olaraq qalır;
İkincisi, Zəngəzur dəhlizinin açılması – Ermənistanın Azərbaycandan Naxçıvana maneəsiz keçid verməklə bağlı öhdəliyini yerinə yetirməsidir.
Ərdoğanın Paşinyanla telefon danışığı aparmaq və bölgədəki vəziyyəti müzakirə etmək ehtiyacı proseslərin inkişafından irəli gələ bilər. İstisna deyil ki, Türkiyə Prezidenti Ermənistana Qarabağdakı qoşunlarını çıxarmayacağı və Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini yerinə yetirməyəcəyi təqdirdə, bunların icra edilməsi üçün praktiki addımların atılacağını izah edəcək. Ərdoğanın dünən Əliyevə zəng etməsinin səbəbi də Paşinyanla danışıqların gündəliyinə və proseslərin mümkün inkişafında hansı addımların atılacağına dair “saatların yoxlanılması” idi.