Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistan, Səudiyyə Ərəbistanı və AB liderlərinin Türkiyədən yan keçərək Cənubi Asiyanı Avropa ilə birləşdirəcək ticarət dəhlizi yaratmaq planlarına qarşı çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri yazıb.
“Biz Türkiyəsiz dəhlizin olmadığını deyirik. Türkiyə vacib istehsal və ticarət bazası hesab olunur. Şərqdən Qərbə ən əlverişli xətt Türkiyədən keçməlidir”, – Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
Nəşr yazır ki, Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi (İMEC) adlanan nəqliyyat xətti Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İordaniya və İsraildən keçərək Yunanıstan və Avropaya gedən dəmir yolu və dəniz marşrutlarının yaradılmasını nəzərdə tutur. Bu dəhliz üzrə anlaşma memorandumu Avropa Birliyi, Hindistan, Səudiyyə Ərəbistanı, BƏƏ, ABŞ və digər G20 tərəfdaşları tərəfindən imzalanıb.
Layihənin əsas məqsədlərindən biri yüklərin çatdırılma müddətinin 40% azaldılması və digər xərclərə, o cümlədən yanacağa qənaət etməkdir. Lakin indiki vəziyyətdə layihə Türkiyədən yan keçir.