Ərdoğan böyük plana qarşı: seçkidən kim qalib çıxacaq?

Ərdoğan böyük plana qarşı: seçkidən kim qalib çıxacaq?

Türkiyədə müxtəlif siyasi qanadlara yaxın olan anket şirkətləri mövcuddur və onlar da həmin qrupların, partiyaların maraqlarını ifadə edən sorğular hazırlayırlar. Adətən seçki prosesində keçirilən belə sorğuların nəticələri doğru çıxmır. Ancaq məsələn, “Optimal” kimi bir sıra şirkətlər var ki, onların proqnozları və sorğu nəticələri seçkinin nəticələrinə yaxın olur.

Bu sözləri AzerTimes-a Türkiyədə seçkiqabağı proseslər haqqında danışan siyasi şərhçi Ruslan Bəşirli deyib.

O, seçki yaxınlaşdıqca müxalif “Millət İttifaqı”na olan dəstəyin azalmasının səbəblərini sadalayıb:

“Prosesin əvvəlində vəziyyət Cümhur İttifaqının və Ərdoğanın əleyhinə görünsə də, biz zaman keçdikcə vəziyyətin dəyişdiyini müşahidə edirik. Bunu da şərtləndirən amillərdən birincisi ittifaqların üzvlərinin kim olmasıdır. Bildiyiniz kimi, PKK-nın siyasi qolu olan HDP rəsmi şəkildə namizəd təqdim etmədi və “Altılı masa”nın namizədi, CHP lideri Kamal Kılıçdaroğlunu dəstəkləyəcəyini elan etdi. İkincisi, PKK terror təşkilatının liderlərinin də bir-birinin ardınca Kılıçdaroğlunu dəstəkləyən açıqlamaları millətçilərdə və sol kəsimin düşüncə baxımından millətçilərə yaxın olan hissəsində böyük narazılıq doğurur.

Üçüncüsü, Rəcəb Tayyib Ərdoğan Kılıçdaroğludan fərqli şəkildə xalqın qarşısına konkret layihələrlə çıxır. İlk yerli və milli avtomobil olan “Togg”un istehsalı, müdafiə sənayesi sahəsində uğurlar, eyni zamanda Qara dənizdə kəşf edilən qaz yatağının istismara başlanması bunlardan sadəcə bir neçəsidir. Artıq zəlzələ bölgəsində də qısa müddətdə yenidənqurma işləri başlayıb. Kılıçdaroğlu isə “ələvi” kimliyini qabartmaqla, kürdlərin hüquqlarının “tapdalanması” haqqında açıqlaması və vədlər verməsi ilə təbliğatını qurmağa çalışdı ki, bu da iflasa uğrayır. Çünki bunlar dövlətin sinir uclarıdır. Doğrudur, əvvəllər bu sahədə problemlər olub, amma hazırda onlar aradan qaldırılıb və Türkiyənin kürd yox, PKK problemi var. Dövlətini düşünən siyasətçi belə açıqlamalar verə bilməz”.

Ruslan Bəşirli Millət İttifaqında özünü mühafizəkar adlandıranla HDP-nin birlikdə çıxış etməsinin nəticələrə təsirini göstərəcəyini qeyd edib:

“HDP məsələsi bəhs etdiyimiz ittifaqda təmsil olunan partiyaların səslərinə artıq ciddi mənada təsir göstərməyə başlayıb. Məsələn, mərhum Nəcməddin Ərbakanın qurduğu və hazırda Təməl Qaramollaoğlunun sədrlik etdiyi Səadət Partiyasının 5-6 il əvvəlki səsi iki-üç faiz idi. İndi isə bu səs heç bir faizə belə çatmır. Əli Babacanın DEVA Partiyası və Əhməd Davudoğlunun Gələcək Partiyasının da durumu eynidir. Millət İttifaqında bir-birinə bənzəməyən yeddi partiyanı bir yerə yığan isə Ərdoğan düşmənçiliyi və onu devirmə planıdır. Qərbdən verilən açıqlamalar da bu istiqamətdədir. Bütün bunlar HDP-nin səslərinin bir qisminin CHP-yə getməsinə səbəb olsa da, oradan da külli miqdarda səs Məmləkət Partiyasının sədri Məhərrəm İncəyə gedəcək. İncənin də ciddi səsi var. Burada Kamal Kılıçdaroğlunun niyə Məhərrəm İncəyə belə bir təklif vermədiyi sualı ortaya çıxır. Buna heç cəhd də etmədilər. Çünki plan başqadır. İncə nə qədər hökumətə qarşı olsa da, dövlətçi adamdır və CHP-nin kökündə olan “Kuvayı Milliyeci”lərdən gəlir. Sizə Millət İttifaqındakı bir təzadı örnək vermək istəyirəm. 2002-ci ildə Ərdoğan yeni hakimiyyətə gəldiyi zaman məhkəmə mərhum Nəcməddin Ərbakan haqqında əvvəlcədən açılmış cinayət işi əsasında 2 il 4 ay həbs cəzası verdi. Ərbakan isə həmin vaxt 76 yaşında idi və bir neçə xəstəlikdən əziyyət çəkirdi. Ərbakan həbsə girməsin deyə, parlamentdə AKP və MHP-nin səs çoxluğu ilə qərar çıxarıldı. Lakin Prezident Əhməd Nejdət Sezər qanun layihəsini imzalamağı rədd etdi. Yenidən ikinci dəfə qanun layihəsi prezidentə göndərildi və onun imzalamaqdan başqa çarəsi qalmadı. Lakin CHP-nin 110 millət vəkili Ərbakanın həbsə girməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etdi. O müraciət edənlərin içərisində Kamal Kılıçdaroğlunun da imzası var idi. İndi Səadət Partiyasının sədri Qaramollaoğlu Kılıçdaroğlu ilə birlikdədir. Belə çoxlu sayda faktlar var və xalq bunları çox yaxşı görür”.

Siyasi şərhçi Ərdoğanın müxtəlif güc mərkəzlərinin bölgədəki qanlı planlarına qarşı dayanan bir dövlət başçısı olduğunu, müəyyən xarici mərkəzlərin də onu devirmək üçün Millət İttifaqına dəstək verdiyini vurğulayıb:

“Bölgədə hazırda böyük plan hazırlanır. ABŞ PKK-ya 40 min TIR-dan çox silah göndərib. İraq, Suriya, Türkiyə və İran ərazilərində yaxın gələcəkdə böyük bir çaxnaşma hazırlanır. Planın adı da “Böyük Kürdüstan”dır. Bunun qarşısında duran isə Rəcəb Tayyib Ərdoğandır. Xarici ekspertlərin, siyasətçilərin də sözləri bu faktı təsdiq edir. Co Baydenin Ərdoğanla bağlı sözləri də hamımızın yadındadır. Əli Babacan isə müdafiə sənayesi sahəsindəki layihələrə toxunacaqlarını deyib. Məqsəd Qərbdəki dostlara mesaj verməkdir. Ona görə xalqın bunlara etimadı yoxdur. Hazırda Cümhur İttifaqını dəstəkləyənlər əhalinin 45-47, Millət İttifaqını dəstəkləyənlər isə 35 faizə qədərini təşkil edir. Bir də qərarsızlar var. Bütün seçkilərdə prosesi qərarsızlar həll edib. Ərdoğan isə qatıldığı bütün seçkilərdə onların səsini ala bilib. Fikrimcə, Rəcəb Tayyib Ərdoğan bu dəfə də qalib gələcək”.

Teqlər: