Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün 19-22 sentyabr tarixlərində ABŞ-a səfər edəcək. Sentyabrın 20-si T.Ərdoğan Nyu-Yorkda Türkiyə Evinin açılışında iştirak edəcək.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasından (PA) bildiriblər.
Məlumata əsasən, T.Ərdoğan BMT Baş Assambleyasının 76-cı sessiyasının birinci günündə – sentyabrın 21-də iştirakçılara müraciətlə çıxış edəcək. Baş Assambleyanın sessiyası COVID-19 pandemiyasının qarşısının alınması, dayanıqlığın bərpası, planetin ehtiyaclarına reaksiya, insan hüquqlarına hörmət və BMT-nin canlandırılması kimi mövzulara həsr ediləcək.
Sessiya çərçivəsində Türkiyə Prezidenti bir sıra ölkələrin liderləri, həmçinin BMT-nin baş katibi Antonio Quterreşlə ikitərəfli görüşlər keçirəcək.
T.Ərdoğan Türkiyə-Amerika Milli Koordinasiya Komitəsinin təşkil etdiyi “Daha ədalətli dünya mümkündür” konfransına qatılacaq, Türk və Müsəlman cəmiyyətlərinin nümayəndələri ilə görüşəcək və ABŞ mediasına müsahibələr verəcək.
Qeyd edilir ki, dövlət başçısının ABŞ iş dünyası nümayəndələrinin iştirakı ilə keçiriləcək Türkiyənin 11-ci İnvestisiya Konfransının ənənəvi qala şam yeməyinə də qatılması gözlənilir.