Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha iki sazişi təsdiqləyib.
AzerTimes xəbər verir ki, bununla bağlı fərman “Rəsmi Qazetə”də dərc olunub.
Fərmanla 2022-ci il dekabrın 22-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” qüvvəyə minib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən isə sənəd 2023-cü il martın 18-də təsdiq edilib.
Bundan əlavə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2023-cü il noyabrın 13-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”i də təsdiqləyib.
Sənəddə mədəni irs, kino, teatr, incəsənət, muzeylər, kitabxanaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.