Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfirliyinin və bir sıra digər ölkələrin Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının ölkənin daxili işlərinə qarışmamağı nəzərdə tutan 41-ci maddəsinə əməl etməklə bağlı bəyanatlarına müsbət reaksiya verib.
AzerTimes-ın məlumatına görə, bu barədə “Anadolu” agentliyinə Türkiyə liderinin administrasiyasındakı mənbə bildirib.
Bildirilir ki, Ankaradakı 10 xarici diplomatik missiyanın Türkiyədəki məhkəmə prosesinə müdaxilə cəhdi ilə bağlı qalmaqal fonunda ABŞ və bir sıra digər ölkələrin səfirliyi Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinin şərtlərinə hörmət ifadə edərək geri addım atıb.
ABŞ səfirliyinin “Twitter” səhifəsində yerləşdirilmiş açıqlamada bildirilir ki, oktyabrın 18-i verilən bəyanat ilə bağlı bir sıra problemləri həll etmək üçün diplomatik nümayəndəlik Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə sadiqliyini vurğulayır.
Osman Kavala məsələsi ilə bağlı qalmaqallı bəyanatı dəstəkləyən Kanada, Finlandiya, Danimarka, Hollandiya, İsveç, Norveç və Yeni Zelandiya səfirlikləri ABŞ diplomatik missiyasının bu açıqlamasını öz səhifələrində paylaşıblar.
Daha sonra adıçəkilən ölkələrə Almaniya və Fransa səfirlikləri də qoşulub.
Xatırladaq ki, oktyabrın 18-də 10 ölkənin – ABŞ, Almaniya, Danimarka, Finlandiya, Fransa, Niderland, İsveç, Kanada, Norveç və Yeni Zelandiyanın Ankaradakı səfirləri 2016-cı ilin iyulunda FETÖ terror təşkilatı tərəfindən Türkiyədə dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan Osman Kavalanın məhkəməsi haqqında sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar olaraq Türkiyə Xarici İşlər Nazirliyinə çağırılmışdılar.
Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyindən sözügedən 10 ölkənin Anakaradakı səfirini “persona non-qrata” elan etməyi tələb etmişdi.