Xəbər - İlhamə İsabalayeva – Trend:
Ermənistanın işğal müddətində bu qədər arxayınlıqla Azərbaycanın şəhər və kəndlərini xarabalığa çevirməsində rəsmi İrəvan qədər, onun arxasında dayanan xarici qüvvələr, bəzi Qərb ölkələri də günahkardır.
Bunu AzerTimes-a AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent, politoloq Faiq Ələkbərli deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən Müharibəsi yalnız qəhrəman Azərbaycan Ordusunun qələbəsini deyil, eyni zamanda erməni vandalizmini də bütün çılpaqlığı ilə ortaya qoydu:
“Ermənistanın Azərbaycanın vaxtilə işğal etdiyi şəhər və kəndlərində, o cümlədən Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda və digər ərazilərində etdiyi barbarlıqlar sözlə ifadə edilməyəcək qədər dəhşətlidir. Bütün bu şəhərlərimizi və yüzlərlə kəndlərimizi, üstəlik abidələrimizi xarabalıqlara çevirən Ermənistan dövləti və onun arxasında dayanan qüvvələrdir”.
Politoloq hesab edir ki, işğal müddətində Ermənistanın böyük bir arxayınlıqla bütün bu vəhşilikləri etməsi təsadüfi deyil. Ermənistan bu vəhşilikləri havadarlarına güvənərək edib və bunun da cəzasız qalacağına ümid bağlayıb:
“Doğrudur, Azərbaycan Ordusu Ermənistanın bu ümidini boşa çıxardı və torpaqlarımız işğaldan azad olundu. Ancaq burada məsələnin digər tərəfi Ermənistanın bütün bu vəhşiliklərə görə beynəlxalq hüquq müstəvisində mühakimə olunmasıdır. Biz zərrə qədər də olsun, şübhə etmirik ki, əgər Azərbaycan Ermənistanın aid bir şəhərini deyil, bir kəndini belə onlar kimi xarabalığa çevirsəydi, o zaman nələr baş verərdi! Ermənistanın bu əməlləri törətməsində rol oynayan xarici ölkələr bu gün Ermənistanın vəhşiliklərini gözləri ilə gördükləri halda belə, ona səssiz qalırlarsa, demək, bu, onların da həmin əməllərdə eyni dərəcədə günahkar olmasını ortaya qoyur”.
F.Ələkbərli qeyd edib ki, Ermənistanın tamamilə dağıtdığı şəhər və kəndlərimizi gördükdən sonra da buna “müharibə faktı” deyib, sıradan bir şey kimi yanaşanların əsl mahiyyəti hər kəsə məlumdur:
“Əlbəttə, Azərbaycan öz gücünə, eləcə də qardaş dövlətlərin yardımları ilə Ermənistanın və onun havadarlarının xarabalığa çevirdiyi şəhər və kəndləri bərpa edəcək. Sadəcə, burada əsas məsələ Azərbaycana münasibətdə hansı xarici qüvvələrin və dövlətlərin də içüzünü göstərməsidir. Təbii ki, bununla da Azərbaycan hansı dövlətlərlə əməkdaşlıq və dostluq edəcəyini özü üçün bir daha aydınlaşdırmış oldu”.