İnsan haqları məsələsinin Qərb üçün siyasi alət olduğu bəllidir. Bu gün Ermənistan və Gürcüstanda baş verənlərə fərqli yanaşmanın sərgilənməsi bunun son nümunəsi hesab edilə bilər.
AzerTimes xəbər verir ki, bu sözləri Globalinfo.az-a siyasi şərhçi Asif Nərimanlı Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stanonun Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı qərəzli və qəbuledilməz bəyanatını şərh edərkən deyib.
Onun sözlərinə görə, Gürcüstanda Qərb hakimiyyətin siyasətini qəbul etmir deyə etirazçıları müdafiə edir, Ermənistanda hakimiyyətlə işlədikləri üçün aksiyalara müdaxiləyə göz yumur:
“Azərbaycanla bağlı da insan haqları kimi məsələlər həmişə siyasi təzyiq aləti kimi istifadə olunur və hər zaman yox, yalnız lazım olan məqamlarda gündəmə gəlir. Yəni məsələ insan haqları deyil. Aİ-nin hazırda belə mövqe sərgiləməsi fikrimcə, Azərbaycan-Ermənistan sülh danışıqlarının perspektivindən qaynaqlana bilər.
Sərhədin Qazax-Tavuş istiqamətində demarkasiyasından sonra Bakı və İrəvan arasında sülh sazişinin ilkin variantının imzalanmasının mümkünlüyü gündəmə gəlib. İstisna deyil ki, mümkün sazişdə Ermənistanın maraqlarının nəzərə alınmasına çalışırlar. Bilirik ki, tərəflər arasında sərhədin delimitasiya-demarkasiyasının necə aparılması, kommunikasiyanın hansı prinsiplə açılmasına dair fikir ayrılıqları var. Ermənistan bu məsələləri sülh sazişinə daxil etməyə çalışır.
Azərbaycanın mövqeyi fərqlidir. Görünür, yenidən insan haqları məsələlərini gündəmə gətirir, Azərbaycana təzyiq etməyə çalışırlar. Avropa rəsmilərinin mövqeyinə təsir edən əsas qüvvələrdən biri də erməni diasporu lobbisidir. Onların da məqsədi Azərbaycana təzyiq etmək, Ermənistanın maraqlarını təmin etməkdir”.