Ağcabədi. Aslan Məmmədli – Trend:
Bu ilin aprelin 17-də Ağdamın işğaldan azad edilən ərazilərində qoyun otararkən minaya düşən Arif Quliyevin həyatı xilas edilsə də o, ömürlük şikəst qalıb. Ayağı amputasiya edildiyindən əmək qabiliyyətini itirib. Zərərçəkmiş şəxs xeyli müddətdir ki, müalicə-müayinə prosedurları keçir.
AzerTimes-ın Qarabağ bürosunun çəkiliş qrupu Arif Quliyevə baş çəkib, onun səhhəti ilə maraqlanıb.
Erməni terrorunun qurbanı olan A.Quliyev baş verənləri belə xatırlayır: “Qoyun otararkən minaya düşdüm. Ağır xəsarətlər aldım. Həyatda qalsam da ayağımı itirdim. Ermənilər əraziləri ağlagəlməyən üsullarla minalayıblar. Elə yerlər var ki, hər addımda mina basdırılıb. Düşmənin məqsədi mülki vətəndaşlarımızın həyatına qəsd etmək olub. Bu gün də bu terror davam edir”.
A.Quliyev daha sonra bildirib ki, vətəndaşların bu ərazilərə icazəsiz səfərlər etməsi yolverilməzdir: “Mən getdim və faciəli nəticəsini gördüm. Məsləhətim və xahişim budur ki, ərazilər minalardan tam təmizlənməmiş heç kim o yerlərə getməsin. Azad edilmiş ərazilərə yalnız izacə ilə səfər etmək olar. Əks halda, mənim və digər mina qurbanlarının taleyi ilə üzləşəcəklər”.
Videomaterealı təqdim edirik: