Erasmus+ layihəsi çərçivəsində layihə menecerlərinin ikinci görüşü keçirilib (FOTO)

Bakı Biznes Universitetində “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsi çərçivəsində layihə menecerlərinin ikinci görüşü keçirilib.

Tədbirdə layihə konsorsiumunun üzvü olan 15 Azərbaycan universitetinin məsul şəxsləri iştirak edib. Görüşün məqsədinə uyğun olaraq öncəliklə layihə menecerlərinin tanışlığı olub.

Daha sonra layihənin koordinatoru Gülşən Bayramovanın moderatorluğu ilə layihənin iş planına uyğun olaraq nəzərdə tutulan fəaliyyətlər, layihənin icrası ilə bağlı təşkilati məsələlər, eyni zamanda layihə fəaliyyətinin ictimailəşdirilməsi tədbirləri haqqında geniş müzakirələr aparılıb. Yekunda menecerlər tərəfindən növbəti mərhələlərdə yerinə yetiriləcək işlər dəqiqləşdirilib və bir sıra tapşırıqlar qarşıya qoyulub.

Qeyd edək ki, bu layihənin məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq rektorlar konfransı vasitəsilə universitetlər arasında hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. Layihənin uğurla icrası Azərbaycan ali təhsil sisteminin Boloniya prosesinə inteqrasiya edilməsinə sanballı dəstək olmaqla yanaşı, beynəlxalq səviyyədə müvafiq tərəfdaşlarla bilik, bacarıq və təcrübə mübadiləsinin aparılması üçün faydalı əməkdaşlığın əsasını qoyacaq.

Layihə yerli universitetlərlə Avropa universitetləri arasında əməkdaşlığın yeni formatlarını müəyyənləşdirir. Növbəti mərhələlərdə Azərbaycan universitetləri bir sıra beynəlxalq qurumların üzvü olmaq şansı əldə edəcəklər.

Eyni zamanda konfrans Azərbaycan ali məktəblərinin beynəlxalq aləmdə təmsil olunmasına zəmin yaradacaq. Konfrans yerli universitetlərin təhsil proqramlarının beynəlmiləlləşməsinə və universitetlərin rəqabət qabiliyyətinin yüksəldilməsinə əsaslı dəstək olacaq.

Teqlər: