2021-ci il 14 aprel tarixində Rusiya Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent), Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “UNESCO-nun müəlliflik hüququ, əlaqəli, mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq Elm-Təhsil Mərkəzi və “Rusiya Müəllif Cəmiyyəti” Ümumrusiya İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Sənaye mülkiyyəti sahəsində müəllif-hüquq problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbir 23 aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunub.
Konfransda Rusiyanın dövlət orqanlarının rəsmiləri, elm və təhsil müəssisələrinin əməkdaşları, MDB ölkələrinin əqli mülkiyyət üzrə dövlət qurumlarının rəhbərləri və digər şəxslər iştirak ediblər.
Hibrid formatda (onlayn və oflayn) təşkil olunan tədbirdə müəllif hüquqları, əmtəə nişanları və sənaye nümunələrinə hüquqların qorunmasındakı oxşarlıq və fərqliliklər, sənaye nümunələrinin patentlə qorunması prosedurlarının modernləşdirilməsi, Avrasiya əmtəə nişanları və sənaye nümunələrinə hüquqları ilə bağlı mübahisələrin baxılması sistemləri, məhkəmə təcrübəsində müəllif hüquqlarının və əmtəə nişanları və ya sənaye nümunələrinə olan hüquqların qorunması ilə bağlı ziddiyyətli məsələlər, elm, ədəbiyyat və incəsənət əsərlərinə, əmtəə nişanlarına, sənaye nümunələrinə olan hüquqların qorunmasında blokçeyn texnologiyalarından istifadə perspektivləri və digər məsələlər müzakirə olunub.
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov konfransa onlayn formatda qoşularaq tədbirin plenar iclasında “Müəlliflik və patent hüququnun əlaqəsi: normativ-hüquqi və kolliziya aspektləri” («Связь авторского и патентного права: нормативно-правовые и коллизионные аспекты») mövzusunda məruzə ilə çıxış edib.
Belə bir əlamətdar beynəlxalq forumda iştirak etmək üçün dəvətə görə təşəkkürünü bildirən K.İmanov sənaye mülkiyyəti sahəsində müəllif-hüquq problemlərinə həsr olunmuş təşəbbüsü yüksək qiymətləndirib. O, qeyd edib ki, əqli mülkiyyətin (ƏM) mövcud anlayışı bu institutun ənənəvi qavrayışından xeyli fərqlənir və bu, mövcud ƏM landşaftına getdikcə kardinal təsir göstərən və təsirini davam etdirəcək əhəmiyyətli texnoloji dəyişikliklər səbəbindəndir. Müasir “ƏM” kateqoriyası anlayışı yalnız fiziki və ya hüquqi şəxsin əqli fəaliyyət nəticələrinə (ƏFN) olan müstəsna hüquqlarını deyil, hər şeydən əvvəl qorunma hüquqlarına malik olan ƏFN-nin özünü nəzərdə tutur. Bazarda tələb və təklif obyektləri kimi hüquqlar deyil, hüquqlara malik olan ƏFN çıxış edir, bu obyektlərə dair razılaşmalarda isə belə hüquqların verilmə həcmi və şərtləri nəzərə alınır.
Agentliyin rəhbəri çıxışında müəllif hüquqlarının patent qanunvericiliyinə təsiri məsələsini xüsusi vurğulayıb. Onun sözlərinə görə, patentlər barəsində ictimaiyyətin məlumatlandırılmasına daha çox diqqət yetirilməlidir, lakin bu zaman vacib bir şərt – patent və müəlliflik hüququ arasındakı əlaqə nəzərə alınmalıdır. Məsələ burasındadır ki, patent iddia sənədləri müəlliflik hüququnun obyektidir.
Ixtiraçının iddia sənədinə olan müəlliflik hüququ iddia sənədinin hazırlandığı andan (onun patent idarəsinə təqdim edilənə qədər) yaranır və patent almaq üçün müvafiq sənəd formalarının doldurulması, bir tərəfdən, əsərin obyektiv formada olmasını, digər tərəfdən isə, müəyyən mənada onun “nəşri”ni təsdiq edir. Müəllif-hüquq qanunvericiliyinə görə, əsərdən hər hansı bir istifadə yalnız müəllifin (hüquq sahibinin) yazılı icazəsi ilə həyata keçirilə bilər. Lakin iddia sənədləri bu normalara riayət edilmədən dərc olunur və üstəlik, nüsxələri qeyri-müəyyən şəxslər dairəsinə göndərilir.
K.İmanov patent iddia sənədlərində ixtiraçıların müəllif hüquqlarının pozulması probleminin həll olunmasının iki yollunu göstərib:
– doldurulmuş müraciət formalarında ərizəçini bu sənədlərin dərc olunmasının hüquqi nəticələri ilə tanış etmək və bununla razılığını almaq;
– ABŞ patent qanunvericiliyində tətbiq edildiyi kimi, patent verilməmişdən əvvəl iddia sənədlərinin dərc edilməməsi.
Sonra Agentliyin rəhbəri hüquqların kəsişməsi məsələsinə dair fikirlərini bölüşüb, müəlliflik hüququ ilə sənaye nümunəsi və ya əmtəə nişanı arasında, eləcə də sənaye nümunəsi ilə əmtəə nişanı arasında toqquşma hallarının ətraflı təhlilini aparıb.
K.İmanovun çıxışı konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib və alqışla qarşılanıb. Tədbirin moderatoru UNESCO kafedrasının Beynəlxalq Elm-Təhsil Mərkəzinin direktoru professor Mixail Fedotov ölkəmizin nümayəndəsinin dərin məzmunlu və innovativ ideyalarla zəngin məruzəsini yüksək dəyərləndirib. O, K.İmanovun çıxışında təqdim etdiyi əqli mülkiyyət sahəsinə dair kolliziyaların həll olunması yolları barədə fikirlərinin özünün bu ciddi hüquqi məsələlərlə bağlı düşüncələri ilə üst-üstə düşdüyünü qeyd edib və Agentliyin geniş potensialını nəzərə alaraq, bu aktual elmi və praktiki məsələlərlə əlaqədar ikitərəfli müzakirələrin davam etdirilməsinin perspektivli olduğunu vurğulayıb.
Rospatentin rəhbəri Qriqoriy İvliyev K.İmanovun müzakirə olunan sahə üzrə bir sıra problemli halların detallı şəkildə təhlilini aparmasını yüksək dəyərləndirib. O, belə elmi araşdırmaların praktikada tətbiq olunmasının vacibliyini bildirib.
Tədbirdə mövzu ətrafında digər çıxışlar da dinlənilib.