2021-ci il iyunun 23-də Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “ÜTT-na üzvlük danışıqlarında və ticarət ilə əlaqəli digər tədbirlərdə Azərbaycan hökumətinin potensialının artırılması” layihəsi çırçivəsində Əqli Mülkiyyət Agentliyi və Dövlət Gömrük Komitəsinin birgə təşkilatşılığı ilə “Bazarın monitorinqi/nəzarəti, əmtəə nişanları üzrə hüquqların pozulması ilə mübarizə və əqli mülkiyyət hüquqlarının sərhəddə təminatı” mövzusunda seminar keçirilib.
AzerTimes-ın məlumatına görə, tədbirin açılış hissəsində Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru Nəcəf Quliyev, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi Səməd Qaralov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Ramiz Hümbətov və Aİ layihəsinin nümayəndəsi Alida Mahmudova çıxış edərək seminarın küçirilməsinin əhəmiyyəti vurğulayıblar.
Sonra Əqli Mülkiyyət Agentliyinin benefisiarı olduğu və Aİ tərəfindən maliyyələşdirilən “Rəqəmsal şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə olunması və qorunması məqsədilə Əqli Mülkiyyət Agentliyinin institusional potensialının gücləndirilməsi” tvinninq layihəsinin rezident tvinninq müşaviri İoannis Anagnostopoulos layihə haqqında qısa məlumat verib.
Seminarda Aİ-nın əqli mülkiyyət hüquqları üzrə eksperti, professor Laurent Manderyenin “Monitorinq/bazar nəzarəti və əmtəə nişanların hüquqlarının pozulmasına qarşı mübarizə sahəsində Aİ Üzv Dövlətlərin təcrübəsi” və “Əqli mülkiyyət hüquqlarının təminatı sahəsində Aİ Üzv Dövlətlərin təcrübəsi” mövzularında geniş təqdimatları dinlənilib. Təqdimatlarda bazarın monitorinqində/nəzarətində və Aİ-da əmtəə nişanları üzrə hüquqlarının pozulmasına qarşı mübarizədə rol oynayan səlahiyyətli orqanlar, həmçinin malların saxlanılması üçün əsaslar və bununla bağlı əlaqəli risklər, icra tədbirlərinin praktiki aspektləri, əmtəə nişanlarını idarə etmək üçün onlayn imkanlar, əqli mülkiyyət hüquqlarının pozulması və idxal olunan malların rəsmiləşdirilməsi, əqli mülkiyyət hüquqları obyektləri üçün elektron qeydiyyat və digər məsələlər haqqında ətraflı məlumat verilib.
Seminarın sonunda tədbir iştirakçılarının sualları cavablandırılıb.