Energetika naziri Pərviz Şahbazov Koreyanın Azərbaycandakı
səfiri Li İn-Yonqı qəbul edib.
Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, görüşdə iki ölkə arasında diplomatik əlaqələrin,
iqtisadi-ticari münasibətlərin inkişafına toxunulub, energetika
sahəsi üzrə əməkdaşlığın mövcud vəziyyəti və gələcək
perspektivlərindən bəhs edilib.
Səfir Koreya şirkətlərinin energetika, o cümlədən bərpa olunan
enerji mənbələrindən istifadə sahəsində yüksək texnoloji imkanlara
və böyük təcrübəyə malik olduğunu və onların Azərbaycanda həyata
keçirilən layihələrdə iştiraka maraqlarını bildirib.
Energetika naziri isə ötən il Koreyadan olan yüksək səviyyəli
nümayəndə heyətlərinin Bakıya səfərləri zamanı keçirilmiş
görüşlərin iki ölkə arasında əlaqələrin inkişafına təkan verdiyini
və enerji sektorunda gələcək əməkdaşlıq üçün geniş imkanlar
yaratdığını vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir
mübadiləsi aparılıb.