Enerji İcması Katibliyi BEM sahəsində Gürcüstana dəstək verəcək – Şərq Tərəfdaşlığına dəstək bölməsinin rəhbəri (Müsahibə)

Enerji İcması Katibliyi 2022-ci ildə Gürcüstanın bərpa olunan
enerji mənbələri (BEM) sahəsinə, elektrik enerjisi bazarına və
enerji səmərəliliyinə kömək etməyə diqqət yetirəcək.

Bunu Trend
özəl müsahibəsində Enerji İcması Katibliyinin Şərq Tərəfdaşlığına
Yardım Bölməsinin rəhbəri Svetlana Karpişina deyib.

Onun sözlərinə görə, əsas diqqət Aİ və Enerji Birliyi
qanunvericiliyinin həyata keçirilməsinə, eləcə də ölkənin
potensialının artırılması sahəsində seminarların və digər
tədbirlərin təşkilinə yönəldiləcək.

“Katibliyin mandatı Gürcüstana enerji sektorunda, ətraf mühit və
iqlim sahələrində enerji ilə bağlı islahatların həyata
keçirilməsində kömək etməkdir. Əməkdaşlığın əsas istiqaməti 30
noyabr 2021-ci ildə Belqradda keçirilən iclasda Enerji İcması
Nazirlər Şurasının qəbul etdiyi “Bütün avropalılar üçün təmiz
enerji” proqramının həyata keçirilməsi olacaq”, – S.Karpişina
bildirib.

O bildirib ki, proqram yaxın illərdə qüvvəyə minəcək enerji
səmərəliliyi, bərpa olunan enerji mənbələri, idarəetmə, elektrik
enerjisi bazarının layihələndirilməsi və elektrik enerjisi və qaz
təchizatının təhlükəsizliyinin təmin edilməsi qaydaları ilə bağlı
qanunvericiliyi əhatə edir.

S. Karpişinanın sözlərinə görə, Katiblik artıq Gürcüstan
tərəfinə bu təşəbbüsün həyata keçirilməsi üçün öz dəstəyini təklif
edib.

Bölmə rəhbəri 2021-ci ildə Gürcüstanda EU4Energy proqramı
çərçivəsində struktur islahatlarının həyata keçirilməsindən də
danışıb.

Onun sözlərinə görə, Katiblik Gürcüstan hakimiyyətinə Aİ-nin
əsas direktiv və qaydalarını həyata keçirmək üçün müvafiq ilkin və
ikinci dərəcəli qanunvericiliyin hazırlanmasında yardım edib.

Bölmə rəhbəri bildirib ki, Gürcüstanda həyata keçirilən Enerji
İcmasının təşəbbüsləri arasında 53 məmurun təlim keçdiyi
potensialın gücləndirilməsi üzrə 9 tədbir var.

Karpişinanın sözlərinə görə, digər təşəbbüslər arasında bərpa
olunan mənbələrdən istehsal olunan elektrik enerjisi üçün mənşə
sertifikatının verilməsi qaydalarının hazırlanması layihəsi, eləcə
də tövsiyələrlə qaz şəbəkəsinin istismarı və təhlükəsizliyi üçün
minimum daxili qaydalar haqqında hesabat daxildir.

“Enerji İcmasının Katibliyi təbii qaz təchizatının
təhlükəsizliyinə dair iki qayda layihəsinin və qaz tədarükçülərinin
konkret öhdəlikləri haqqında hökumətin qərarının hazırlanmasında
Gürcüstana əhəmiyyətli dəstək verib.

2014-cü ildə Hərtərəfli Azad Ticarət Zonasının və 2017-ci ildə
Enerji Birliyi Müqaviləsinin imzalanması ilə Gürcüstan üzərinə
enerji sahəsində böyük nailiyyətlərin həyata keçirilməsi üzrə
öhdəlik götürdü. Gürcüstana dəstək məqsədi ilə Aİ 2016-cı ildə
EU4Energy proqramını işə saldı”, – S. Karpişina vurğulayıb.

O, həmçinin, qeyd edib ki, Katiblik yeni əməkdaşlıq platforması
vasitəsilə Gürcüstanın qaz sektorunun inkişafına yardım etməyə
hazırdır.

Onun sözlərinə görə, Cənub-Şərqi Avropa Qaz Təşəbbüsü (SEEGAS)
fəaliyyətləri bölgədə bazarı daha da genişləndirməyə, treyderlər
üçün xidmətlərin təkmilləşdirilməsinə və son nəticədə qaz
ticarətində artan rəqabət vasitəsilə istehlakçıların faydasına
yönəlmiş milli qaz birjaları və qaz nəqli sisteminin operatorları
arasında nisbətən yeni əməkdaşlıq platformasıdır.

“Yeni yaradılmış “Gürcüstan Qaz Birjası” MMC (GGEX) və
“Gürcüstan Qaz Nəqli Şirkəti” MMC (GGTC) 2021-ci ilin noyabrında
SEEGAS prosesinə qoşulub və Birgə Rəhbər Komitənin iclaslarında
iştirak etməyə başlayıblar”, – Karpişina qeyd edib.

O xatırladıb ki, 2021-ci ilin iyulunda Enerji İcması Katibliyi,
Gürcüstanın İqtisadiyyat Nazirliyi, AYİB, GGTC və Gürcüstan
Neft-Qaz Korporasiyası (GOGC) arasında liberallaşmaya və enerji
bazarının rəqəmsallaşdırılmasına dəstək vermək üçün əmtəə
birjasının yaradılmasına dair anlaşma memorandumu imzalanıb.

“Bu format çərçivəsində Katiblik, GGEX, GGTC və GOGC
nümayəndələri qaz mübadiləsinin inkişafı üzrə gələcək addımları
müzakirə etmək üçün müntəzəm görüşəcəklər”, – Karpişina əlavə
edib.

Teqlər: