Energetika Nazirliyi və Masdar şirkəti hidrogen istehsalı üzrə birgə seminar keçirib (FOTO)

Energetika Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında əməkdaşlıq çərçivəsində hidrogen enerjisi üzrə onlayn seminar keçirilib.

Mayın 6-sı keçirilən tədbirdə Energetika Nazirliyinin aparat rəhbəri Zaur Məmmədov və “Masdar” şirkətinin MDB və Rusiya üzrə İnkişaf və investisiyalar sahəsində ölkə meneceri Məhəmməd Əsəd Taher açılış nitqi ilə çıxış ediblər.

Seminar zamanı “Masdar” şirkətinin ekspertləri hidrogen enerjisi, “yaşıl” enerji hesabına hidrogen istehsalı texnologiyaları, elektroliz qurğuları, dənizdə külək enerjisi və karbon qazı tullantılarının planlaşdırılması və idarə edilməsi mövzularına dair ilkin nəzəri-texniki biliklər barədə məlumat verib. Seminarda, həmçinin müvafiq sahə üzrə beynəlxalq təcrübələrə də toxunulub, hidrogen istehsalı texnologiyaları və dənizdə külək enerjisi ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Tədbirdə Energetika Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ADA Universitetinin, “Azərenerji” ASC, SOCAR və bp Azərbaycan şirkətinin əməkdaşları iştirak ediblər.

Teqlər: