Energetika Nazirliyi İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülmə vaxtını elan edib

Azərbaycan Respublikası Energetika Nazirliyinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, nazirliyin fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə İctimai Şuranın yaradılması prosesinə başlanılıb.

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa, bu qanunun müvafiq maddəsinin icrası ilə bağlı Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, Energetika Nazirliyi yanında İctimai Şura üzvülüyünə namizədlərin irəli sürülməsi prosesinə 26 yanvar 2021-ci il tarixindən başlanılacaq. Namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 20 iş günü müddətində, yəni 22 fevral tarixində yekunlaşacaq.

İctimai Şura üzvlərinin say həddi 7 nəfər müəyyən edilib. Müvafiq sahədə fəaliyyət göstərən hər bir vətəndaş cəmiyyəti institutu İctimai Şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.

Müraciət etmək istəyən vətəndaş cəmiyyəti institutlarından ictimai şuranın üzvlüyünə irəli sürülən namizəd barədə aşağıdakı sənədləri təqdim etmələri xahiş olunur:

– Namizədin şəxsiyyət vəsiqəsinin surəti;

– Namizədin tərcümeyi-halı;

– Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;

– Şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

İctimai Şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən üç iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək. İctimai Şuraya seçkilər namizədlərin irəli sürülməsi və qeydiyyat prosesi başa çatdıqdan sonra bir ay müddətində keçiriləcək.

İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi ilə bağlı tələb olunan məlumatlar [email protected] elektron ünvanı vasitəsilə təqdim edilə bilər.

Əlaqələndirici şəxs: Azərbaycan Respublikası Energetika Nazirliyinin Daxili nəzarət şöbəsinin aparıcı məsləhətçisi, İctimai Şuraya seçkilərin təşkili məqsədi ilə yaradılmış Seçki Komissiyasının üzvü Təranə Gözəlova (+99412 598-16-53 (daxili 1013); +99455 440-42-45; [email protected]).

Teqlər: