Bu gün Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar.
Energetika Nazirliyindən AzerTimes-a bildirilib ki, bu sənəd işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin, bp-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb.
Energetika naziri Pərviz Şahbazov deyib: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf kursunda Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi mühüm yer tutur. Bu vəzifənin Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyasının prioritetləri ilə vəhdətdə həyata keçirilməsi bərpa olunan enerji sahəsinə xarici investisiyanın cəlbi üçün geniş imkanlar yaradır. Karbohidrogen sektorunda uzunillik strateji tərəfdaşımız bp ilə bu gün imzaladığımız bu sənəd yaşıl enerji və karbonsuzlaşdırma üzrə əməkdaşlığımızda yeni bir səhifə açacaq. Ümid edirəm ki, qoyuluş gücü 240 MVt olan günəş enerjisi layihəsi üzrə bp ilə fəal işbirliyimiz Qarabağa xarici sərmayənin gətirilməsini təmin edəcək.”
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: “Azərbaycan hökuməti ilə bu sazişi imzalamaqla biz öz müvafiq enerji keçidi hədəflərimizi dəstəkləyən bir imkana doğru birgə işimizdə irəli addım atmış oluruq. Növbəti onillik ərzində bp dünya üzrə bərpa olunan enerji işlənməsinə qoyduğu sərmayəni əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir və artıq uzunmüddətli və uğurlu tərəfdaşlıq qurduğu yerlərdə bu yönümdə yaranan imkanları araşdırır. Azərbaycanda bizim otuz ilə yaxın enerji layihələrini təhlükəsiz və etibarlı şəkildə həyata keçirmək təcrübəmiz var. Düşünürük ki, günəş enerjisi layihəsi imkanı üzrə başladığımız birgə iş yeni bir tərəfdaşlıq sahəsinə yol aça bilər və bu yeni tərəfdaşlıq çərçivəsində bp Azərbaycanda enerji keçidinə mühüm töhfələr verə bilər.”
İcra Müqaviləsi çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir. Müvafiq fəaliyyətin həyata keçirilməsi məqsədilə “Rəhbər Komitə”nin yaradılması da nəzərdə tutulur.
Xatırladaq ki, 2021-ci ilin fevral ayında Energetika Nazirliyi və bp şirkəti arasında iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu da imzalanmışdı.