Energetika naziri Pərviz Şahbazov Almaniyada bir sıra görüşlər keçirib

Almaniyada “Berlin Enerji Keçidi Dialoqu” tədbiri çərçivəsində
energetika naziri Pərviz Şahbazov Rumıniyanın energetika naziri
Virgil Daniel Popesku və Almaniya Enerji Agentliyinin baş icracı
direktoru Andreas Kulmanın rəhbərlik etdikləri nümayəndə heyətləri
ilə görüşüb.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Rumıniyanın energetika naziri ilə baş tutan görüşdə perspektivdə
Azərbaycandan təbii qazın tədarükünü, bu istiqamətdə ölkələrin
müvafiq şirkətləri arasında əməkdaşlığı əhatə edən məsələlər
müzakirə edilib.

Həmçinin Azərbaycan və Gürcüstan ilə Rumıniya arasında Qara
dəniz sualtı elektrik enerjisi və rəqəmsal qoşulma layihəsi ilə
bağlı fikir mübadiləsi aparılıb. Layihə üzrə İşçi Qrupu
çərçivəsində atılacaq addımlar nəzərdən keçirilib. Bu layihə Xəzər
dənizində külək enerjisi potensialının reallaşdırılması ilə
elektrik enerjisinin ixracı aspektində dəyərləndirilib.

Almaniya Enerji Agentliyinin (DENA) baş icracı direktoru Andreas
Kulman və icraçı direktoru Kristina Haverkamp ilə keçirilən görüşdə
isə bərpa olunan enerji sahəsində əməkdaşlıq mövzusu prioritet
olub. 4 pilot layihə təklifinin hazırlanması ilə Azərbaycanda
mərkəzləşdirilməmiş bərpa olunan enerjinin inkişafı istiqamətində
Agentliklə əməkdaşlıq yüksək qiymətləndirilib. Müzakirələr zamanı
pilot layihələrin tətbiqi ilə bağlı məsələlər və tövsiyələr
nəzərdən keçirilib, intensiv təmasların davam etdirilməsi
razılaşdırılıb. Bərpa olunan enerji üzrə DENA ilə əməkdaşlığın
genişləndirilməsinə maraq ifadə edilib.

Teqlər: