Energetika naziri Pərviz Şahbazov Almaniya Federativ
Respublikasının federal xarici işlər naziri Annalena Berbok və
federal iqtisadiyyat və iqlim mühafizəsi üzrə nazir Robert Habekin
dəvəti ilə Almaniyaya səfər edib.
Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, nazir
29-30 mart tarixlərində Berlində təşkil olunacaq “8-ci Berlin
Enerji Keçidi Dialoqu” adlı beynəlxalq konfransda iştirak
edəcək.
Energetika naziri Pərviz Şahbazov tədbirin açılış günü baş
tutacaq “Ədalətli və sosial enerji keçidinin təkanverici amilləri”
mövzusunda panel müzakirələrinə qatılacaq.
Qeyd edək ki, Almaniya Federal Xarici İşlər Nazirliyi və Federal
İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyi tərəfindən təşkil edilən
Berlin Enerji Keçidi Dialoqu (BETD) Konfransı 2015-ci ildən
etibarən keçirilir. 70-dən çox xarici işlər və energetika
nazirinin, digər yüksək səviyyəli nümayəndələrin, eləcə də 130-dan
çox dövlətdən 20 mindən çox virtual iştirakçının qatıldığı BETD
qlobal enerji keçidinə həsr olunmuş əsas beynəlxalq
konfransdır.