Energetika naziri: Azərbaycan enerji təchizatının diversifikasiyasına təbii qazla yanaşı, “yaşıl” enerji mənbəyi kimi də töhfə verə bilər

Energetika naziri Pərviz Şahbazov BƏƏ-nin Abu-Dabi şəhərində
keçirilən “Ümumdünya Kommunal Xidmətlər Konqresi” çərçivəsində
panel müzakirələrində çıxış edib.

Energetika Nazirliyindən AzerTimes-a verilən məlumata görə, çıxışda
qlobal enerji tədarükü sistemində baş verən proseslər fonunda
enerji təhlükəsizliyinin təminatı, enerji keçidi, Azərbaycanın
etibarlı enerji təchizatçısı kimi artan rolu və Körfəz ölkələri ilə
“yaşıl” enerji sahəsində tərəfdaşlıq əlaqələrindən bəhs edilib.

Nazir enerji təchizatı ilə bağlı hazırkı qeyri-ordinar
vəziyyətdə dayanıqlı enerji təhlükəsizliyinin çoxistiqamətli
diversifikasiya ilə mümkün ola biləcəyini vurğulayıb: “Yalnız
enerji idxal mənbələri, başqa sözlə təchizatçılar deyil, enerji
balansında resursların da müxtəlifliyi təmin edilməlidir. Yalnız
bərpa olunan enerji və ya ancaq karbohidrogenlərə əsaslanan enerji
təminatı da bir o qədər dayanıqlı deyil.”

Energetika naziri hazırda bərpa olunan enerji mənbələrinə belə
ekoloji deyil, enerji təhlükəsizliyi aspektində vurğu edildiyini və
bu bağlılıqda enerji keçidinin hədəfinin də “xalis sıfır”
emissiyadan alternativ təchizat mənbələrinə doğru dəyişdiyini
bildirib. Nazir “yaşıl” enerjinin inkişafına, enerji keçidinin
sürətlənməsinə enerji təchizatı mənbələrinin diversifikasiyası
kontekstində yanaşmanın yalnız emissiyaların azaldılmasına, bu
məqsədlə hətta təbii qazın enerji balansından tamamilə
çıxarılmasına yönəlmiş siyasətlər ilə müqayisədə daha rasional və
effektli olduğunu söyləyib. Bildirilib ki, enerji keçidinin, “xalis
sıfır” hədəfinə doğru yolun hamarlığı enerji təhlükəsizliyinin
təminatı ilə birbaşa bağlıdır.

Energetika naziri, həmçinin daxili resursları, şaxələndirilmiş
enerji balansı və tədarük bazarları hesabına Azərbaycanın dayanıqlı
enerji müstəqilliyi ilə seçilən ölkələrdən olduğunu qeyd edib.
Azərbaycanın neft-qaz və elektrik enerjisi üzrə təchizatçı rolunu
bərpa olunan enerjinin ixracı ilə genişləndirməyi planlaşdırdığı
diqqətə çatdırılıb. “Təbii qazla yanaşı Azərbaycan Avropa üçün
“yaşıl” enerji üzrə də yeni təchizat mənbəyi ola və enerji
təchizatının diversifikasiyasına daha çox töhfə verə bilər”, deyə
energetika naziri əlavə edib.

Bu məqsədlə bərpa olunan enerji mənbələrindən elektrik
enerjisinin istehsalı və ixracı ilə bağlı həyata keçirilən və
planlaşdırılan layihələr barədə məlumat verilib. Azərbaycanın 470
meqavatlıq layihələrlə Körfəz ölkələri nümunəsində yeni tərəfdaşlar
qazandığı qeyd edilib. Bildirilib ki, Azərbaycanın “yaşıl” enerji
kursu və zəngin potensialı sayəsində bu tərəfdaşlığın daha iri
həcmli layihələrlə möhkəmləndirilməsi, regional və beynəlxalq
enerji təhlükəsizliyinə töhfələri artırmaq gündəmdədir.

Teqlər: