Ənənəvi təhsilin bərpası vacib idi – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda ənənəvi təhsilin bərpası vacib idi, çünki onlayn təhsil canlı təhsili əvəz edə bilmir, bir sıra fənlərin isə onlayn qaydada tədrisi o qədər də səmərəli olmur.

Bunu AzerTimes-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Afət Həsənova deyib.

Deputat bildirib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya səbəbindən onlayn dərsə keçid zərurəti yarandı:

“Koronavirus pandemiyası dünyada bütün sahələrdə olduğu kimi təhsil sahəsində də təsirsiz ötüşmədi, yoluxmaların və ölüm hallarının artığı pandemiya şəraitində təhsilin ənənəvi qaydada davam etdirilməsi təhlükəli hala çevrildi. Əlbəttə ki, belə bir şəraitdə şagirdlərin təhsildən kənarda qalmaması üçün yeganə çıxış yolu onlayn təhsilin təşkili oldu.

Lakin bütün dünyada olduğu kimi, ölkəmizdə də gözlənilmədən tam formada onlayn təhsilə keçid əlbəttə ki, bir sıra çatışmazlıqların meydana çıxmasını qaçılmaz etdi. Çünki hər kəsin onlayn təhsilə qoşulmaq üçün kifayət qədər texniki imkanları yox idi. Digər tərəfdən müəllim və şagirdlər arasında canlı ünsiyyətin olmaması, o cümlədən müəllimlərin şagirdlərin dərs zamanı davranışına birbaşa nəzarət etmək imkanının olmaması tədrisin keyfiyyətinə mənfi təsirsiz ötüşmür.

Lakin bu gün artıq görülən sistemli tədbirlər nəticəsində epidemioloji vəziyyətdən normala qayıtmaqdadır, virusa yoluxanlarla sağlanlar arasında nisbət sağalanların leyinə dəyişməkdədir ki, bu da ənənəvi təhsil bərpa edilməsinə imkan verir. Ancaq ənənəvi təhsilin bərpası heç bir halda pandemiyanın bitməsi kimi qəbul edilməməli və insanları arxayınlaşdırmamamlıdır. Əksinə, bundan sonra insanlarımız daha diqqətli və məsuliyyətli olmalıdır”.

Deputat bildirib ki, həm valideyinlər, həm müəllimlər, ümumilikdə təhsil ictimaiyyəti vaksinasiya prosesində daha fəal iştirak etməli və maksimum çalışmalıdır ki, koronavirusun yayılmasının qarşısı alınsın:

“Əgər həm valideynlər, həm müəllimlər canlı təhsilin davamlı olmasını istəyirlərsə, Operativ Qərargahın verdiyi bütün tövsiyələrə ciddi əməl etməlidirlər. Həm peyvəndləmə, həm də pandemiya qaydalarına əməl olunması vacib şərtdir.

Pandemiya səbəbindən təhsil sahəsində yaranan boşluq, uşaqların canlı təhsil ala bilməməsi gələcəkdə öz təsirini göstərə bilər. Bu baxımdan bu gün həm tədrisə ciddi yanaşılmalıdır, həm də valideynlərin təhsilə münasibəti daha ciddi və məsuliyyətli olmalıdır”.

Twitter: @ElchinMehdiyev

Teqlər: