Ənənəvi tədrisə başlamalıyıq, çünki distant dərsdə keyfiyyət yoxdur – Ekspert

Xəbər - Çingiz Səfərli – Trend:

Son aylarda həyata keçirilən tədbirlər fondunda 2021-ci ilin sentyabrında ümumi təhsil və ali təhsil müəssisələrində tədrisin ənənəvi qaydada xüsusi tədris planlarına uyğun təşkil edilməsini mümkün hesab edirəm.

Bunu AzerTimes-a açıqlamasında təhsil məsələləri üzə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, kütləvi tədbirlər keçirilirsə, restoranlarda günün istənilən vaxtında oturmağa yer tapılmırsa, məktəblərin ənənəvi tədrisə qayıtmasında da heç bir problem olmamalıdır:

“Hal-hazırda qüvvədə olan normativ aktlara görə ölkədə məhərrəmlik ayı olmasa, 50-150 nəfərlik insanın iştirakı ilə toy mərasimi keçirilə bilər. Eyni zamanda digər tədbirlərin də qaydalara uyğun olaraq təşkil olunması mümkündür. Yay mövsümü ilə əlaqədar dəniz kənarında, əyləncə mərkəzlərində yüzlərlə insan rahat hərəkət edir. Amma bu insanları narahat etmir. Mövzu təhsilə gəlincə, hamı daşını atıb, başını tutur ki, ay yoluxma halları artıb.

Gələk rəqəmlərə. Azərbaycanda hal-hazırda 4439 məktəb var. Yəni ölkədə şagird sayı 200-dən çox olan məktəblərin payı 47% və ya 2,104 məktəb təşkil edir. Şagird sayı 200-dən az olan məktəb sayı ilə 53% və ya 2,335 məktəb təşkil edir. Bununla yanaşı, ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin 87%-i və ya 1,392,000 şagird 200-dən çox şagirdi olan məktəblərdə təhsil alır. Bu o deməkdir ki, şagirdlərin cəmi 13%-i və ya 208,000 şagird 200-dən az şagird olan məktəblərdə oxuyur. Ölkə ərazisində fəaliyyət göstərən 77 məktəbdə şagird sayı 2000 və daha artıq, 105 məktəbdə isə 1501-2000 şagird təşkil edir. Bu isə o deməkdir ki, faktiki şagird sayının layihə tutumuna nisbəti toplam 182 məktəbdə mövcud məktəb tutumu normasının xeyli üzərindədir. Bu tip məktəblərdə xüsusi tədbirlər, iki və ya üç növbəli təhsilin verilməsi planlaşdırıla bilər”.


Ekspert onu da qeyd edib ki, ölkəmizdə bu günə olan rəqəmlərə görə 6 milyon nəfərə yaxın insan vaksinasiya olunub. Təhsil müəssisələrində dezinfeksiya işləri aparılıb, avadanlıqlar quraşdırılıb. İnsanlar pandemiya dövründə yaşama vərdişlərinə yiyələnib:

“Bəli, biz ənənəvi tədrisə başlamalıyıq. Çünki onlayn-distant qaydada dərsdə keyfiyyət yoxdur, nəticə yoxdur. Xüsusi ilə ibtidai sinif şagirdləri arasında oxuma və yazma bacarıqları ciddi şəkildə aşağı düşüb, şagirdlərin fiziki inkişafında ciddi qüsurlar oraya çıxıb. Şagirdlərin heç də hamısının komputer, telefonunun olmaması, internet çatışmazlığı, texniki və təbiət fənlərinin onlayn-distant qaydada tədrisində yaranan problemlər bu formada təhsilə baxmağı məsləhət görmür.

Digər tərəfdən pandemiya dövründə təhsilin ənənəvi qaydada bərpası iki dəfə baş verib. Belə ki, 2020-ci il 15 sentyabr və 2021-ci il 1 fevraldan biz ənənəvi tədrisi bərpa etmişik. Nəzərə alsaq ki, o tarixlərdə ölkədə vaksinasiya prosesi yox idi və insanlar pandemiya dövründə yaşama qaydalarına tam öyrəşməmişdi, indi isə vaksinasiya olunan insanlar kifayət qədərdir və biz pandemiya dövrünün qaydalarına riayət etməklə yaşamağı öyrənmişik. Bütün bunlar 2021-ci ilin sentyabrında tədrisin ənənəvi qaydada təşkil edilməsinə əsas verir”.

Twitter:@cingizsafarli

Teqlər: