Azərbaycanda rəqəmsal transformasiya hökumətin gündəliyində
duran prioritetlərdən biridir. Ölkənin işğaldan azad edilmiş
ərazilərində “ağıllı şəhər” və “ağıllı kənd”lərin qurulması, eləcə
də ənənəvi şəhərlərin “ağıllı şəhər”lərə transformasiyası qarşıda
duran əsas hədəflərdir.
AzerTimes-ın məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat
naziri Rəşad Nəbiyev Türk Dövlətləri Təşkilatının İnformasiya və
Kommunikasiya texnologiyaları üzrə məsul nazirlərinin (ad hoc)
iclası zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, Azərbaycan Türk Dövlətləri Təşkilatı
çərçivəsində əməkdaşlığa, xüsusilə, İKT sahəsində əməkdaşlığa böyük
önəm verir.
“Rəqəmsal transformasiyanın genişlənməsi 4-cü sənaye inqilabına
keçidlə yanaşı, kibertəhlükələr üçün yeni sahələr və hədəflər
yaradır”, – deyə nazir əlavə edib.
Rəşad Nəbiyev, həmçinin kibertəhlükəsizlik sahəsində, eyni
zamanda, e-imzaların tanınması ilə bağlı həm çoxtərəfli, həm də
ikitərəfli formatda işlərə başlanılması təklifini irəli sürüb.