Ən yeni tarixin yeni romanı

Tarixi romanları ilə müasir ədəbi prosesdə özünəməxsus yer tutan (və janrın ideya- estetik imkanlarını genişləndirməkdə xüsusi xidmətləri olan!) Yunus Oğuzun yeni qələmə aldığı “Uçurum” romanı əsərin məzmun- fakturası daxilində kifayət qədər çoxmənalı bir epiloqla başlayır. Ona görə “çoxmənalı” deyirik ki, romanda uçurum qarşısına gəlib çıxanların hamısı narkomaniya ilə bağlı olsa da, bu təhlükəli vərdişə bəziləri yalnız özünün, bəziləri cəmiyyətin müxtəlif zümrələrinin, bəziləri isə xalqın taleyi miqyasında qurşanmışlar. Hər üç halda alınan “zövq” uyuşdurucu təbiətə malik olduğu kimi, doğurduğu fəsad, faciə də sirayətedicidir.

Əlbəttə, “Uçurum”, prinsip etibarilə müasir mövzudadır, lakin Yunus Oğuz qələminin tarixçi inersiyası burada da öz işini görür. Və yazıçı söhbətə Azərbaycan xalqının mərkəzi dövlət qurduğu XVI əsrdən başlayır… Erməni Varpetin ticarət karvanı Təbrizə yaxınlaşanda gömrükçü qorçilər müəyyən edirlər ki, karvan qadağan olunmuş mallar – şərab, tiryək daşıyır. Ən dözülməzi isə odur ki, bu “ticarət”i divanbəyinin özü himayə etməkdədir. Məsələnin üstü açıldıqda Şah Təhmasib təmkinlə araşdırıb həqiqəti ortaya çıxarsa da çox “liberal” bir qərara gəlir…

“Erməni tacir çiyinlərini çəkib riyakarcasına dilləndi:

– Mənim dövlət işlərindən başım çıxmaz, qibleyi-aləm. Mənimki ticarətdir.

Şah Təhmasib ayağa durdu. Bu o demək idi ki, görüş bitdi. Tacir də dərhal ayağa qalxdı.

– Ən böyük ticarət elə siyasətdədir, – dedi. Əli ilə qapıda duran qorçibaşına işarə verdi. – Qəbulda gözləyən o iki nəfəri də bura dəvət et.

Onun çıxıb qayıtması an məsələsi oldu. Hər ikisi içəri girib baş əydi. Şah onların üzünə baxmadan divanbəyinə göstəriş verdi:

– Erməni tacirinə vergidən azad olunması haqqında bir kağız yaz. – Yadına nəsə düşdü. – Hə, şah bəxşişi də verməyi unutma.

Şah Natiq bəyi göstərib daha bir əmr verdi. – Qorçibaşı bir halda ki mənim fərmanlarımın icrasını çox dəqiqliklə həyata keçirir, o zaman onu təkcə

Təbrizin deyil, səltənətin hər yerində “torpaqbasdı” haqqının yığılmasına müvəkkil edirəm”.

Və beləliklə, Varpetlə divanbəyinin orta əsrlərin sonlarından başlayan “əməkdaşlıq” ənənəsi bizim zəmanəmizə qədər davam etməli olur.

Yunus Oğuzun tarixdə bu günü, bu gündə isə tarixi görməyə son dərəcə böyük maraq göstərən (və görən!) qələm adamı olduğu müxtəlif münasibətlərlə dönə- dönə qeyd edilmişdir. “Uçurum” da bu baxımdan istisna deyil. Səfəvilər dövründəki gömrük qorçibaşısı Natiq bəyi müasir dövrdə başqa bir Natiq – Gömrük Komitəsi Əməliyyat – istintaq Baş İdarəsinin əməliyyatçısı Natiq əvəz edir. Ölkənin “bir cənub şəhərində” məskunlaşıb onu “narkotika trafiki”nə çevirməyə çalışan “Baron” ləqəbli Bayramın nəinki iranlı Əhməd ağa, hətta vaxtilə Bakıda yaşamış erməni Varpetlə də ( bu da Səfəvilər dövründən gəlir) “əməkdaşlıq” elədiyi məlum olanda Kömrük Komitəsi hərəkətə keçir.

Əhməd ağa ilə Varpetin (Seyid ağanın) söhbəti göstərir ki, narkotika ticarətində onların məqsədi, bir tərəfdən, varlanmaqdırsa, digər tərəfdən, Azərbaycanın müstəqil dövlət olaraq inkişafının qarşısını almaq, onun hər cəhətdən passionar xalqına qəsd etməkdən ibarətdir…

“… Birincisi, alıcılarımız çoxalacaq, ikincisi isə gənc nəsil Qarabağı və sizi yaddan çıxardacaq, məğlubiyyətlə barışacaq, dövlət, vətənpərvərlik hisslərindən məhrum olacaq. Son nəticədə hökumət başıqapazlı və sözəbaxan olacaq. Orada tez-tez çevrilişlər baş verəcək.

Əhməd ağa əlini qonağın kürəyinə çəkdi:

– Ay maşallah, Varpet ağa! Yaxşı fikirləşmisiniz bunları. Və nəhayətdə elə Bakını da sizlər, bizlər idarə edəcəyik”.

Natiqin narkobaronlara qarşı mübarizəsi həm bu işin təbiətindən irəli gələn macəraçılıq, gözlənilməz olayların təsviri, həm də hadisənin hüquqi, sosial, siyasi tərəflərinin diqqət mərkəzinə çəkilməsi ilə yanaşı, fəlsəfi- psixoloji mahiyyətinə varılması ilə müşayiət olunur. Ona görə də roman müəllifi yeri gəldikcə əhvalatların cərəyanını dayandırıb onların mahiyyəti barədəki ümumiləşdirmələrə keçir…

“Cəmiyyət də düzgün istiqamətləndirilməyəndə uçuruma gedir. Uçurum dərinləşdikcə bu, adi həyat normasına çevrilir. Amma şüuraltı hiss edirsən ki, hardasa səndən lap uzaqlarda deyil, lap yaxınlarda normal həyat var, yaşayış var. Səhər oyananda günəşin şuasına sevinmək var, ya qarın yağmasına uşaq kimi atılıb-düşmək. Hətta sevdiyin insanlarla salamlaşmaq nəşəsi… Bu həyatda yaşayanlar uçurumlu körpüdən keçir. Sən bu körpüdən keçmək üçün yaranmamısan, sən uçuruma layiq görülmüsən. Beləcə uçuruma doğru gedirsən”.

Bu cür ümumiləşdirmə- izahlarında Yunus Oğuz məşhur “yaşamaq gözəl şeydir” qənaətinə gələn müxtəlif məsləkli sələflərinə ən yeni tarixin yeni romanı ilə xələflik edir.

İstintaqçıların əlinə keçmiş Kalış (Kamil) vasitəsilə Baronun “yaxın adamı”na çevrilən Natiq tezliklə müəyyən edir ki, cinayətin kökləri çox- çox dərinliklərə gedib çıxır…

“Baronun beynəlxalq narkomaniya ilə əlaqələri çox güclü idi. Azərbaycandan keçirilən narkotrafikin əsas oyunçularından biri o idi. Əsas sərmayəsini isə İrandan alırdı. O, ölkədə xeyriyyəçi və iş adamı kimi də ad qazanmışdı. Deyilənə görə, bir neçə dəfə onu vurub sıradan çıxartmaq istəmişdilər, amma gücləri çatmamışdı. Yerli və ölkə səviyyəli məmurlar yenə köməyinə gəlmiş, onu “edam ağaçından asılan kəndirdən xilas etmişdilər”. “Edam kəndiri”ni onun boğazına keçirməyə heç kim cəsarət etməmişdi, çünki ətrafındakıların bir çoxunu ələ almışdı”.

Məsələ yalnız bunda deyil, həm də ondadır ki, nəinki Baron, hətta ondan çox “yuxarı”da dayanıb cəmiyyətin taleyi üçün bilavasitə məsuliyyət daşımalı olan məmurlar ermənilərin həmin narkotika ticarətində yaxından iştirak etdiklərini yaxşı bilsələr də, nəinki qarşısını almağa çalışmır, əksinə, öz şəxsi mənafeləri naminə ondan istifadə etməyin yeni- yeni üsullarını kəşf etməyə müvəffəq olurlar. Və nəticədə elə bir möhkəm şəbəkə əmələ gəlir ki, onun nə zamansa dağıdılacağına ciddi şübhələr yaranır.

Yazıçı, demək olar ki, naturadan aldığı obrazlarla açıb göstərir ki, narkoticarətin baronları ilə yanaşı, aşağı mövqeləri zəbt etmiş elə çevik, dələduz “funksionerlər”i mövcuddur ki, onlar hər hansı dövlət idarəçiliyi sisteminin öz işini yaxşı bilən məmurları ilə müqayisə oluna bilər.

Həm mövzunun tələbi, həm də fərdi yazıçı üslubunun diqtəsilə Yunus Oğuz vaxtaşırı olaraq publisistikaya keçir, hadisələrin icmalını verir, faktları öz adı ilə adlandırır. Bu üsul roman təhkiyəsi üçün o qədər münasib olmasa da, gerçəkliyin bütün sərtliyi ilə ifadəsi baxımından, əlbəttə, qəbulediləndir…

“O danışdıqca Natiqin fikirləri tam aydınlaşırdı. Bu, İnterpolun axtarışında olan, Qarabağda iki çətənə plantasiyasının sahibi Varpet Kasparyandır. Çətənəni Qarabağda yetişdirib İrana daşıyır, oradan da qaçaqmalçılıq yolu ilə, əsasən Azərbaycandan Avropaya ötürür. Erməni diasporası onu mafiya babası və Ermənistanın aysberqi hesab edir. Bakıda doğulub, 1989-cu ilin sonunda Azərbaycanı tərk edib. Azərbaycan məmurlarının bəzilərilə sıx əlaqəsi var. Düşündü: “Baho, işimiz lap çətinləşdi ki? Təkcə Baronu yox, həm də bunu zərərsizləşdirmək lazımdır”.

“Uçurum”dakı məmur obrazı müasir Azərbaycan ədəbiyyatında yeni hadisədir…

“Ford” maşınının sükanı arxasında Əhməd ağa oturmuşdu. Seyid ağa onun yanında idi. Azərbaycana təzə qayıtmışdı. Bakıya dönən kimi də çox mühüm işlər görən Əhməd ağanı axtarıb tapmış, ona verilən telefonla nüfuzlu məmura zəng etmiş və görüş vaxtını təyin etdirmişdi. Məmura həm də söyləmişdi ki, gələndə Əhməd ağanı da sizinlə görüşə məsləhət biliblər. Həmin məmur heç nə olmayıbmış kimi razılıq vermişdi; həm də özünə o qədər arxayın idi ki, görüşü bağ evinə təyin etmişdi. Bu nüfuzlu məmurun əsl kimliyini çox adam bilmirdi, amma Seyid ağa bilirdi ki, Ermənistanda onun kimlərlə qohumluğu var, biznesini kim işlədir, onlara nə qədər bağlıdır”.

Yunus Oğuz bəzən təhkiyənin gedişində, bəzən də təhkiyə məcrasından onun intonasiyasını zədələməmək şərtilə kənara çıxaraq Azərbaycanın dövlət müstəqilliyinin nə qədər ağır sınaqlardan keçdiyi, xalqımıza hava- su kimi lazım olan həmin müstəqilliyin nə qədər pərdələnmiş düşmənlərinin olduğu barədə xəbərdarlıq edir: məmurun, Əhməd ağanın və Seyid ağanın – mister Varpet Kasparyanın şəxsində obrazlaşan bu düşmənçiliyin qarşısında Baronun cinayəti, bəlkə də, “xırda xuliqanlıq”dan başqa bir şey deyil.

Roman, necə deyərlər, o dərəcədə “nəticəsiz” sonluqla bitir ki, nəinki beynəlxalq narkomafiya başçılarını, heç Baronu da zərərsizləşdirmək mümkün olmur. Və “əməliyyat”ı başa çatdıra bilməyib “mal”ı batırsa da xaricə qaçmağa nail olmuş Baron oradan hətta “əsərin qəhrəmanı”nı – Natiqi hədələyib ona “sən məni sevdiyim dənizdən, işimdən elədin. Bil, mənim qisasım amansız olacaq, gözləmədiyin yerlərdən sənə zərbələr endirəcəm” deməkdən çəkinmir. Təbii ki, eyni sözləri Natiqin böyüklərinə daha yüksək tonla Seyid ağa ilə Əhməd ağanın da deyəcəkləri təsəvvürü yaranmaya bilməz… Lakin əsərin ümumi ruhu – müəllif qayəsi bütün aydınlığı ilə diqtə (və təlqin) edir ki, Azərbaycanın müstəqilliyi möhkəm əllərdədir… Heç bir mənfur qüvvə nə daxildən, nə də xaricdən ölkənin sürətli tərəqqisinin qarşısını almaq iqtidarında deyil… Bununla belə heç kimə sirr deyil (və yazıçının da bizə xatırlatdığı bundan ibarətdir) ki, xalq hansı düşmənlərlə qarşılaşa biləcəyini heç vaxt unutmamalı, xüsusilə yeni nəslin şəxsində öz ən yeni tarixinin keşiyində ayıq- sayıq dayanmalıdır…

Nizami Cəfərov
Akademik, millət vəkili

Teqlər: