Əminliklə deyə bilərik ki, bugünkü “Azərpoçt” beynəlxalq təcrübəyə tam uyğunlaşma mərhələsində olan bir poçt operatorudur – Əfqan Cəlilov (Müsahibə)

Bu gün Azərbaycanda poçt rabitəsinin yaranmasından 204 il
ötür. Bu o deməkdir ki, Azərbaycanın yeganə milli poçt operatoru
olan “Azərpoçt”un 204 yaşı tamam olur.

Trend “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan
Cəlilovla müsahibəni təqdim edir

– Əfqan müəllim, “Azərpoçt” bu gün hansı yeniliklərlə
çıxış edir?

– Əminliklə deyə bilərik ki, bugünkü “Azərpoçt” beynəlxalq
təcrübəyə tam uyğunlaşma mərhələsində olan bir poçt operatorudur və
buna müvafiq olaraq real işlər görülür. Bu gün dünyanın aparıcı
poçtları artıq universal poçt xidmətləri göstərməklə
kifayətlənmirlər. Bu da təbiidir. Dünya, zaman və proseslər sürətlə
dəyişdiyi üçün insanların tələbləri də dəyişir. Əgər əvvəllər
məktub kimi kommunikasiya vasitəmiz və buna müvafiq xidmətimiz var
idisə, indi bu xidmət daha çox dövlət və qeyri-dövlət təşkilatları
üçün aktualdır. Belə olduğu halda hər bir qurum, biznes müasir
dövrə uyğunlaşma yolunu seçir. Biz də eyni addımı atdıq. Əgər
əvvəlki dövrlərdə “Azərpoçt” sadəcə universal poçt və maliyyə
xidmətləri həyata keçirirdisə, indi əlavə olaraq 3 fərqli
istiqamətdə də fəaliyyət göstərir.

– Əfqan müəllim, həmin istiqamətlərə keçməmişdən əvvəl
bizi maraqlandıran bir sualı vermək istərdim: “Azərpoçt”un son
illər zərərlə işlədiyini bilirdik. Bunun aradan qaldırılması üçün
nə kimi tədbirlər gördünüz?

– Doğru vurğuladınız. Uzağa getməyək, “Azərpoçt” 2020-ci ili 8
milyon manata yaxın zərərlə başa vurmuşdu. Daha dəqiq desək,
Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının nəticələrinə
əsasən bu rəqəm 7.746.681 manat təşkil edirdi. Amma 2021-ci ildə bu
göstərici 3.4 milyona qədər gerilədi (hələ ki nəticələr audit
olunmayıb – red.). Bu gün biz cari ilin ilk 4 ayının nəticələrinə
əsasən sevinclə bildiririk ki, artıq “Azərpoçt” mənfi rəqəmlərdən
müsbətə çıxıb.

– O zaman deyə bilərikmi ki “Azərpoçt” artıq zərərlə
deyil, mənfəətlə işləyir?

– Bəli. Müqayisə üçün sizə bu ilin ilk 4 ayı ilə keçən ilin
müvafiq dövrünün nəticələrini təqdim edə bilərik: 2022-ci ilin
yanvar – aprel aylarının nəticələri (hələ ki nəticələr audit
olunmayıb – red.) göstərir ki, “Azərpoçt” 366 min manat mənfəət
əldə edib. Lakin keçən ilin müvafiq dövründə MMC 1.4 milyon manat
zərərdə idi. İlin sonuna kimi rəqəmlərin daha da yüksələcəyi
gözlənilir. Məqsədimiz, fors-major hallar istisna olmaqla bu trendi
saxlamaqdır.

– Əfqan müəllim, bu, sevindirici nəticədir. İndi keçək
“Azərpoçt”un beynəlxalq təcrübəyə əsaslanan yeni
istiqamətlərinə.

– Yeni istiqamətlərdən biri “Logistika” xidmətidir. Pandemiya
şəraitində yaranan tələbatı təhlil edərək qərara gəldik ki, Bakıdan
bölgələrə daşımalara birbaşa dəstək vermək lazımdır. Həmin dövrdə
həm sahibkarlar, xüsusilə ölkənin ən böyük ticarət mərkəzlərində
fəaliyyət göstərənlər, həm də bölgələrdə yaşayan sakinlər əziyyət
çəkirdilər. Biz bunun həll yolu olaraq, eyni zamanda ölkədə onlayn
alış-verişə dəstək məqsədilə “Logistika” çatdırılma xidmətimizi
qurduq və bu gün həmin xidmətdən yüksək nəticələr əldə edirik.
Digər istiqamətimiz isə “Retail”dir. Bu xidmət də beynəlxalq
təcrübəyə əsasən təşkil olunur. Sahibkarlar öz bizneslərinin
inkişafı üçün məhsul və xidmətlərini bizim geniş şəbəkəmiz –
1500-dək şöbəmiz vasitəsilə bütün ölkə vətəndaşlarına təqdim edə
bilərlər.

– Əfqan müəllim, bu yaxınlarda bir xəbər yayımlandı.
“Azərpoçt” ölkədə ilk “agent bank” rolunda çıxış edir. Bunun
“Azərpoçt”a faydası nədir?

– Yeni fəaliyyət istiqamətlərimizdən üçüncüsü elə həmin “agent
bankçılıq”dır. Ümumiyyətlə, hər bir əməkdaşlıq ikitərəfli fayda
əsasında qurulur. Yəni vətəndaşların tələbatlarının ödənilməsi ilə
yanaşı, əməkdaşlıq edən şirkətlərin öz mənfəətlərini artırmasını
nəzərdə tutur. “Agent bankçılıq” layihəsi də “Azərpoçt”un gələcək
mənfəətləri nəzərə alınaraq istifadəyə verildi. Onu da vurğulamaq
istəyirəm ki, yeniliklərin “Azərpoçt” işçilərinin rifahına müsbət
təsir edəcəyi gözlənilir.

– Əfqan müəllim, “Azərpoçt” şöbələrində niyə onlayn
ödəmə etmək mümkün deyil?

– Bu günə qədər “Azərpoçt” şöbələrində universal poçt xidmətləri
üçün onlayn ödəmələr olub, lakin bu, limitli idi. Ya yalnız
“Master” kart vasitəsilə ödəniş mümkün olurdu, ya da nağd şəkildə.
Amma artıq biz “VİSA” beynəlxalq ödəmə sisteminə qoşulmuşuq və
yaxın gələcəkdə POS-terminala tələbat olan nöqtələrdə bütün poçt
xidmətləri üçün nağdsız ödəmələr tam şəkildə mümkün olacaq. Bu da
öz növbəsində şəffaflığı təmin edəcək.

Bundan əlavə, “Azərpoçt” keyfiyyətin artırılması, eləcə də
müştəri məmnuniyyətini ölçmək üçün artıq könüllülərlə işləməyə
başlayıb. Belə ki, çox yaxın zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin təşəbbüsü ilə “Azərpoçt könüllüləri” layihəsinə start
veriləcək.

– Əfqan müəllim, “Azərpoçt”un inkişafı ilə bağlı
planlarınız barədə məlumat verməyinizi istərdik.

– Biz 2021-ci ildə “böyük dördlük” – dünyanın ən böyük auditor
və konsaltinq şirkətlərindən olan “PwC” ilə “Strateji baxış üzrə
əməliyyatlara dair məsləhət xidməti” layihəsi üzərindən əməkdaşlığa
başladıq. Bu əməkdaşlığın sonunda qlobal bazar araşdırılıb
“Azərpoçt” üçün trendə uyğun biznes modeli, böyümə imkanları və
ssenariləri müəyyənləşdirildi. İndi isə çıxarılan nəticələrin və
qərarların tətbiqi üzərində işlənilir. Əsas hədəf “Azərpoçt”u
gələcəkdə fərqli xidmətlər və müştəri bazası ilə davamlı inkişafı
təmin edən müştəri yönümlü şirkətə çevirməkdir.

– Əfqan müəllim, müsahibə üçün təşəkkür
edirik!

– Təşəkkür edirəm!

Teqlər: