Xalq artisti Emin Ağalarov martda Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Krokus Siti Holl” ticarət mərkəzində baş vermiş terror aktı ilə bağlı paylaşım edib.
AzerTimes Axşam.az-a istinadən xəbər verir ki, Ağalarov terrordan 40 gün keçdiyini vurğulayıb.
“40 gün əvvəl “Krokus Siti Holl”da 144 nəfərin ölümü ilə nəticələnən dəhşətli terror aktı baş verdi. Yüzlərlə insan zərər çəkdi, bir çoxunun hələ də köməyə ehtiyacı var.
Bütün bu günlərdə Müslüm Maqomayev Fondu zərərçəkənlərə kömək məqsədilə xeyriyyə aksiyası keçirib. Qayğıkeş insanların sayəsində fond təxminən 140 milyon rubl toplaya bildi. Bu müddət ərzində ölən və yaralananlardan 80-dən çoxunun ailəsi və yaxınları kömək istəyib.
Mən bir daha həlak olanların ailələrinə səmimi başsağlığımı, o dəhşətli axşam insanların xilasına kömək edən hər kəsə dərin təşəkkürümü və bütün qurbanlara hələ də dəstək verənlərə böyük hörmətimi bildirmək istəyirəm”, – deyə, E.Ağalarov yazıb.
Qeyd edək ki, Moskvada “Krokus Siti Holl”da terror aktı martın 22-də törədilib. Ən son məlumata görə, hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər isə xəsarət alıb.