Emin Əmrullayev “TEKNOFEST Azərbaycan”da qalib gələn bütün şagird və tələbələrimizi təbrik edib

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev
“TEKNOFEST Azərbaycan”da qalib gələn bütün şagird və tələbələrimizi
təbrik edib.

Trend xəbər verir ki, bu barədə E.Əmrullayev özünün “Twitter”
hesabında paylaşım edib.

“TEKNOFEST-də qalib gələn bütün şagird və tələbələrimizi təbrik
edirəm. Bu nüfuzlu müsabiqənin qalibi olmaq, dövlət başçıları
tərəfindən mükafatlandırılmaq gənclərimizi gələcəkdə daha da böyük
uğurlara imza atmaları üçün onları və minlərlə digərlərini
həvəsləndirəcək.

Qaliblər arasında Peşə Təhsili Mərkəzinin (Baku Stark komandası)
tələbələrinin də olması məni çox sevindirdi. Bu qələbə peşə
təhsilinin də uğura aparan yol olduğunu sübut edir. Peşə təhsili
sahəsində son illərdə görülən işlərin ilk bəhrələrini görmək çox
qürurverici oldu”, – deyə nazir bildirib.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: