“Emin 444”ün ölümünə görə qətl törətmiş şəxsin cinayət işi məhkəməyə göndərilib.
Bu barədə AzerTimes-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Belə ki, bu il martın 14-də saat 23 radələrində Binəqədi rayonu, İsrafil Həşimov küçəsində yerləşən “Qardaşlar” marketin içərisində 1984-cü il təvəllüdlü Zaur Əli oğlu Yusifovun odlu silahdan atəş edilərək qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.
İlkin istintaqla 2000-ci il təvəllüdlü Samir Fərhad oğlu Şirəliyevin 2019-cu ildə qətlə yetirilmiş xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovun öldürülməsində şübhələndiyi Zaur Yusifovu qisas almaq məqsədilə odlu silahdan bir neçə dəfə atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Samir Şirəliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.