Əməyin mühafizəsi Azərbaycanda dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir – ƏƏSMN

Əməyin mühafizəsi Azərbaycanda dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) AzerTimes-a verilən məlumatda deyilir.

Bildirilir ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) 2003-cü ildən 28 Apreli Ümumdünya Əməyin Mühafizəsi Günü olaraq elan edib.

Məqsəd işçilərin həyat və sağlamlığının qorunması üçün təhlükəsiz əmək şəraitinin yaradılması, istehsalat qəzalarının qarşısının alınması üçün profilaktik tədbirlərin görülməsi məsələsinə ictimaiyyətin diqqətinin artırılmasıdır. Azərbaycanda da hər il Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd edilir.

Əməyin mühafizəsi Azərbaycanda dövlətin sosial siyasətinin əsas məqsədlərindən biridir. BƏT-in əməyin mühafizəsi ilə bağlı Konvensiyaları ölkəmiz tərəfindən qəbul edilib, əməyin mühafizəsi sahəsində dolğun milli qanunvericilik yaradılaraq daim təkmilləşdirilir.

BƏT tərəfindən hər il Ümumdünya Əməyin Mühafizəsi Günü müasir çağırışlardan irəli gələn mövzularda elan olunur. Bu il üçün həmin gün “Böhranı qabaqlamaq və ona hazır olmaq – dayanıqlı əməyin mühafizəsi sistemlərinə investisiya qoymaq” mövzusuna həsr olunub.

Qeyd olunan mövzu COVID-19 pandemiyasının əmək sferasına mənfi təsirləri fonunda əməyin mühafizəsinin, müvafiq qabaqlayıcı tədbirlərin görülməsinin vacibliyi baxımından xüsusi aktuallıq kəsb edir. Azərbaycanda da bu istiqamətdə ciddi və ardıcıl işlər aparılır. Ölkəmizdə pandemiya dövründə geniş sosial dəstək paketinin əsas istiqamətlərindən biri pandemiyanın əmək sferasına mənfi təsirlərinin azaldılması, işçilərin təhlükəsizliyinin təmini olub.

Eyni zamanda, əmək sferasında işçilərin əməyinin təhlükəsizliyi və iş rejimləri ilə bağlı bir çox məsələlər müvafiq hüquqi aktlarla tənzimlənib. İş yerlərində infeksiyaya yoluxmanın qarşısının alınması məqsədilə qaydalar müəyyən edilib, işəgötürənlər üçün tövsiyələr verilib, habelə COVİD-19 infeksiyasına qarşı işçilərin vaksinasiyası işləri davam edir.

Teqlər: