Xəbər - Elçin Mehdiyev – Trend:
Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam dövlət başçısının daim vətəndaşları düşündüyünü və onların sosial rifahının yaxşılaşdırılması istiqamətində daim addımlar atdığını bir daha təsdiqləyir. Bu sərəncam bir daha təsdiq edir ki, dövlət siyasətinin mərkəzində vətəndaşların sosial rifahı dayanır.
Bunu AzerTimes-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, bu sərəncam əhalinin sosial rifahının yaxşılaşmasına və gəlirlərinin artmasına səbəb olacaq:
“Ölkəmizdə aparılan daxili siyasətin başlıca istiqamətlərindən biri də sosial siyasətdir. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşının sosial vəziyyəti, sosial rifahı dayanır. Ölkə Prezidenti 18 illik prezidentliyi dövründə bu prinsipə hər zaman sadiq olduğunu dəfələrlə təqdiqləyib.
Təkcə son bir neçə ilə nəzər yetirsək ölkəmizdə sosial təminatın yaxşılaşdırılması istiqamətində nə qədər böyük işlərin həyata keçirildiyini aydın görərik. Belə ki, 2018-ci ilin əvvəli ilə müqayisədə ölkəmizdə orta aylıq nominal əmək haqqı məbləği 39%, əmək pensiyalarının orta məbləği 60%, sosial müavinətlərin orta məbləği 2 dəfə, Prezidentin təqaüdlərinin orta məbləği 2,2 dəfə artıb. Son üç ildə ölkəmizdə xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına olan nisbəti 2018-ci ildəki 26,5%-dən 2020-ci ildə 38%-ə yüksəlib.
Görülən bu işlərin nəticəsidir ki, Azərbaycanda pensiya təminatı və digər sosial göstəricilər bir sıra sahələrdə MDB ölkələri arasında ilk pillələrdə qərarlaşıb. Azərbaycan 2020-ci ildə iki cəbhədə, yəni həm Vətən müharibəsi, həm də koronavirus pandemiyası ilə mübarizə apardı. Lakin buna baxmayaraq heç bir sosial layihə təxirə salınmadı. Əksinə, ölkədə bir çox sosial layihələrə start verildi”.
Deputat bildirib ki, Azərbaycanın dövlət büdcəsinin 30 faizindən çoxu sosial sahəyə yönəldilib: “Ötən gün cənab Prezident İlham Əliyev əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün daha bir sərəncam imzaladı. Sərəncama əsasən əməkhaqları, pensiya təminatı, təqaüd və digər sosial müavinətlər artırılacaq. Bu sərəncam ölkə Prezidentinin bir daha Azərbaycan vətəndaşının sosial rifahının yaxşılaşdırılması yönündə daim mühüm işlər görüdüyünü təsdiqləyir.
Bu sərəncam ölkəmizdə 1 milyon 800 min nəfərədək vətəndaşımızın rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Bu qədər insanın sosial rifahının yaxşılaşdırılması ümumilikdə bütün vətəndaşlarımızın həyatına müsbət təsir göstərəcək çünki onların gəlirlərinin artması, alıcılıq qabiliyyətinin yüksəlməsi xidmət və digər bu kimi sektorlarda çalışan insanların da gəlirlərinin artmasına imkan verəcək.
Bu sərəncam eyni zamanda bir daha onu göstərdi ki, ölkə Prezidenti bazarda mövcud olan qiymət fərqlərinin əhaliyə təsirinin neytrallaşdırılması və əhalinin rifahının daha da yaxşılaşdırılması üçün daim mühüm addımlar atır”.