Əməkhaqqı fondunda artım qeydə alınıb

Xəbər - Çingiz Səfərli – Trend:

Sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əmək haqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb.

Dövlət Vergi Xidmətindən AzerTimes-a verilən məlumata görə, bu artımın böyük hissəsi özəl sektorun payına düşüb.

2021-ci il sentyabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində bağlanmış əmək müqavilələrinin sayı 744.804 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 204.882 min çoxdur. Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

2021-cu ilin yanvar-avqust aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2 milyard 494,5 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1 faiz artıb, daxilolmalar üzrə proqnoz 232,1 milyon manat artıq icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 1 milyard 583 milyon manat təşkil edib, proqnoz 113,3 faiz icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz artaraq 85,8 milyon manat olub, proqnoz 109,7 faiz icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artaraq 63,1 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 111,3 faiz icra olunub.

Twitter: @cingizsafarli

Teqlər: