Əməkdar artist ÇARƏSİZ DURUMDA: “Ölüm çox urvatsız olub”

“Ölümümdən qorxmuram, ölüm haqdır, amma son vaxtlar tanıdığım çox sayda insanların ölümü məni çox sarsıdır. Ölüm çox urvatsız olub. Özümü çox aciz hiss edirəm. Yaxının, qohumun, həmkarın rəhmətə gedir, amma dəfninə gedə bilmirsən”.

Bunu Yenicag.az-a açıqlamasında əməkdar artist, tanınmış aktyor Natiq Fərzəliyev deyib.

Aktyor geridə qalan 2020-ci ilin yaddaşında ağır iz qoyduğunu bildirib:

“Pandemiya dönəmində koronavirus nə qədər can aldı, çox itkilər verdik. Ümumiyyətlə, qəfil itkilərimiz çox oldu. Yeni ilin gəlişindən 4 gün keçib, hələ də itkilər davam edir. Dünən də Nailə Mirməmmədlini itirdik. Eşidəndə şok oldum. Əhval-ruhiyyəm çox pisdir”.

Əməkdar artist bir ilə yaxındır ki, sənətdən ayrı düşdüyünü və buna görə əziyyət çəkdiyini deyib:

“Bir ilə yaxındır ki, oturmuşam evdə. İşə getmirəm, səhnə adamı üçün bu, dəhşətdir. İşləmək, yaşamaq üçün bir stimuldur. Həm maddi, həm də mənəvi. İnsanlarla canlı ünsiyyətdən uzaq düşmüşəm. Gözləyirəm, görüm aqibətimiz necə olacaq. Evə də o qədər öyrəşdik ki, heç adam bilmir, işə adaptasiya oluna biləcəyik, ya yox”.

Cəvahir

www.yenicag.az